Cümə,   26.05.2017  00:01

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
981

Muzey Mərkəzində Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirildi

Mayın 13-də Muzey Mərkəzində  Belarusiyadan olan tanınmış kukla ustası Qalina Dmitrukun  “Gecə nağılları” adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirildi. Sərgi “KUKLA” Art Qalereyası və Muzey Mərkəz tərəfindən təşkil edilmişdir.

Sərginin açılışında çıxış edən “Kukla” Art Qalereyasının rəhbəri Lalə Kazımova bildirdi ki, sərginin açılışı çox önəmli bir günə təsadüf edir. Çünki, düz 3 il əvvəl Bakıda ilk dəfə “Kukla” Art Qalereyası fəaliyyətə başladı. Bakıda keçirilən Beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihə hazırlayıb. Şəhərimizin sənətsevərləri Qalinanın əsərləri ilə yaxından tanışdırlar. Çünki, bu onun şəhərimizə ilk səfəri deyil. O, Bakıya vurğun insandır. Bizim qadınlar onu ilhamlandırıb və bu gün sərgilənən əsərlər məhz Bakı üçün hazırlanıb. Əsərlər fərqli üslubda işlənib. Hər kuklanın hazırlanmasına 3-4 ay sərf edilir və sərgidə 9 kukla nümayiş olunur. İnanıram ki, həm şəhərimizin qonaqları, həm də sakinlərimiz sərgini bəyənəcəklər.

 Müəllifin fikrincə,  bütün il ərzində Azərbaycanın təkrarsızlığı və ecazkarlığını qadın gözəlliyi prizmasından parlaq şəkildə əks etdirən kuklalar hazırlayıb.Sərgidən öncə jurnalistlərə müsahibə verən kukla ustası Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirdi: “Bakı mənim daim sevə-sevə səfər etdiyim şəhərlərdəndir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Əl işlərimi sənətsevər şəhərdə təqdim etməkdən məmnunam. “Gecə nağılları” kolleksiyamı Azərbaycanın xanımlarından ilhamlanaraq yaratmışam. Ümid edirəm ki, sərgini ziyarət edənlər hər kuklaya baxdıqlarında mənimlə eyni hissləri duyacaqlar. Hər kəsin sərgidən xoş təəssüratlarla ayrılacağına ümid edirəm”.

Sonra 9 əl işindən ibarət əsrarəngiz kuklalardan ibarət sərgi nümayiş olunub.

Qeyd edək ki, Qalina Dmitrukun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Onun kuklaları Belarusiyada hər zaman səbrsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma vətənində olduqca nadir hallarda sərgiləyir. Belə ki, əl işlərinin demək olar ki, hamısı dünyanın dörd tərəfinə səpələnib və hal-hazırda İsveçrə, Almaniya, Çexiya, ABŞ, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə əsl incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.

Kukla dizaynı Belarusiyada demək olar ki, nisbətən yeni sahədir və on il bundan öncə inkişaf etməyə başlayıb. Qalinanın ixtisasca jurnalist olmasına baxmayaraq, Belarusiyada bu incəsənət sahəsinin banilərindən biri sayılır. Qalina Dmitrukun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özlərində əks emosiyalarla dolu daxili aləmlərini ehtiva edirlər. Müəllifin aktivində olduqca gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq iş var. Qalinanın işləri ilə ənənəvi boşgözlü və qəlbsiz qızılı buruqsaçlı gözəlçələr arasındakı sərt təzad dərhal gözə çarpır. Onun kuklalarının hər birinin öz təkrarsız hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar - bunların hamısı insanı ovsunlayır. 

Sərginin açılış mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak edirdi.

Sərgi 14-17 may tarixlərinədək davam edəcək.