Cümə,   26.05.2017  00:00

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
262

UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib

18 may 2017-ci il tarixində YUNESKO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə YUNESKO-nun “Görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri” proqramı çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir. Səfir qeyd edib ki, Nəsiminin ölümündən 600 il sonra YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməz.

Sonra cari ilin yanvar ayında Hələb şəhəri terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin dağıntılara məruz qalmış sərdabəsinin çəkilmiş fotoşəkilləri nümayiş olunub. Səfir A.Kərimov Suriyanın YUNESKO yanında Daimi Nümayəndəliyinə fotoşəkillərin əldə edilməsində göstərdiyi yardıma görə təşəkkür edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib.

Elçin Əfəndiyev qeyd edib ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Bu gün YUNESKO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.

Baş nazirin müavini bildirib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra YUNESKO ilə ölkəmiz arasında işgüzar, qarşılıqlı hörmətə söykənən əlaqələr qurulub. Bu il 25-ci ili tamam olan həmin münasibətlərin inkişaf etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri var. Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti yalnız Azərbaycanı əhatə etmir, o, Avropa və Asiya ölkələrində xoşməramlı səfirin üzərinə düşən ağır və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirir.

Daha sonra YUNESKO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxışında bildirib ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub.

YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, 600 il bundan əvvəl İmadəddin Nəsimi barbarcasına edam olunsa da, müasir dövrümüzdə də barbarlıq, ekstremizm və terrorun kökünü kəsmək mümkün olmayıb. Bu gün bəşəriyyət 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi bəşəri dəyərlər ətrafında birləşməlidir.

Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi "Muğamsayağı" və "Dərviş" əsərləri nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli və klassik musiqinin, eləcə də Nəsiminin şerlərinin sintezi ilə təqdim olunub. Konsert-tamaşa orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edib. Konsert-tamaşa çox böyük uğurla baş tutmuşdur və tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Musiqi klassik və xalq çalğı alətlərinin ifaçıları tərəfindən təqdim olunmuşdur. Solistlər: Teyyub Aslanov - xanəndə, Azərbaycanın Əməkdar artisti; Elvin Qəniyev – violin, Prezident təqaüdçüsü; Orxan Hüseynov – violonçel, Prezident təqaüdçüsü; Elina Drux – violin, Denis Utkin – violonçel. Xüsusi diqqət gənc fleytaçı, Mstislav Rastropoviç adına 21 saylı musiqi məktəbinin şagirdi Ağarəhim Quliyevin ifasında Laçın əsərinin səslənməsi cəlb etdi. Bu ifa Laçın şəhərinin işğalının qurbanlarına həsr olunmuşdur.
Konsert-tamaşa zamanı xoreoqrafik rəqslər Azərbaycanın Əməkdar artisti, xoreoqraf Nailə Məmmədzadə tərəfindən qurulmuşdur.

Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi” baleti üçün yaradılmış səhnə və dekorasiya eskizlərindən ibarət foto reproduksiyalar, Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadənin “Nəsiminin edamı” rəsm əsərinin foto reproduksiyası, eləcə də  Nəsimiyə həsr olunmuş digər rəsm əsərləri və kitablar təqdim olunmuşdur.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti tərəfindən təmsil olunmuşdur.