Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

E-Visa haqqında
e-Viza 3 (üç) iş günü ərzində verilir.
e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.
e-Viza alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir.
e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir.
e-Viza müraciət etmiş şəxsin elektron ünvanına göndərilir.

 

Portal haqqında
Portalın operatoru funksiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar uzrə Dovlət Agentliyi həyata keçirir.
Portal vasitəsi ilə siz 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) e-Visa ala bilərsiniz.
Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizanın alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa portal vasitəsilə müraciət etməsi mümkündür.

 

Müraciət ilə bağlı
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 (üç) iş günü əvvəl müraciət etməlidirlər.
Müraciətçinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitmə tarixi verilməsi nəzərdə tutulan viza müddətinin bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.
Dövlət rüsumu ödənildikdən sonra müraciətin qəbul edilməsi barədə bildiriş sistem tərəfindən müraciət edən şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir.

 

Ödəmə ilə bağlı
e-Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum viza müraciətinə baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Elektron viza müraciətlərinin emal edilməsi məqsədilə 3 ABŞ dollar məbləğində xidmət haqqı tutulur. Bu məbləğ elektron viza üçün 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumundan əlavə ödənilir.
Ödəmə əməliyyatlarının ancaq Visa və Mastercard üzərindən aparılması mümkündür. Kartın sizin adınıza olması mütləq deyil.

Viza blankı ilə bağlı
Azərbaycan Respublikasına gəlmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron viza blankının təsvirində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin ikinci hissəsinin tələbləri nəzərə alınmışdır. Elektron viza blankı A4 formatdadır.
e-Viza blankının yuxarı sağ hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilmişdir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir neçə e-Viza aldıqda ölkəyə giriş etdiyi e-Viza blankı ilə ölkəni tərk çıxış etməlidir.
e-Viza blankı itirildikdə, portal üzərindən və ya elektron poçtdan yenidən çap edilə bilər.

 

ELEKTRON VIZA PORTALINA KEÇİD

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

Maddə 21

21.1. Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).
21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. 
21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
21.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
21.8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.
21.9. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Ətraflı: migration.gov.az

Azərbaycan Respublikası özündə hava, dəmir yolu, avtomobil yolu, dəniz yolu və boru kəməri nəqliyyatını ehtiva edən təşəkkül tapmış nəqliyyat strukturuna malikdir. 
Azərbaycan Avropadan Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq  ölkələrinə ən qısa yola malik iri logistika mərkəzidir, o, həmin ərazidə TRASEKA və Şimal-Cənub avtomobil və dəmir yolu  nəqliyyat dəhlizlərini, Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir. 
Dövlət Satistika Komitəsinin göstəricilərinə görə, Azərbaycan Respublikasının nəqliyyat vasitələri ilə son illər 177,8 mln. ton yük daşınmışdır ki, bunlardan da  47,2%-i  avtomobil nəqliyyatının, 15,3%-i dəmir yolu nəqliyyatının, 6,6%-i dəniz yolu nəqliyyatının,  30,9%-i boru kəmərinin (o cümlədən 18,2%-i BTC və 1,8%-i Cənub Qafqaz boru kəməri vasitəsilə) payına düşür.  
Daşınan bütün yüklərin 69%-i fərdi sektor tərəfindən həyata keçirilmişdir. 
Dəmir yollarının uzunluğu: 2 944 km.
Avtomobil yollarının uzunluğu: 59 141 km-dir. Onlardan  29 210 km – bərk örtüklüdür.

  • Hava nəqliyyatı

    Azərbaycanın hava nəqliyyatının tarixi 20 oktyabr 1910-cu ildən – Bakının üzərindən ilk təyyarənin uçduğu gündən başladı. 1923-cü ildə Zaqafqaziya Mülki Aviasiya  Səhmdar Cəmiyyəti «ZAKAVİA» təsis edildi, 2 iyun 1938-ci ildə birinci aviasiya qrupu formalaşdırıldı. 2006-cı ildə bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycanın Mülki Aviasiya günü elan edildi. 
    Hazırda  ölkənin on bir regionu hava nəqliyyatı vasitəsilə Bakı ilə bağlıdır. Son 20 il ərzində ölkənin mülki aviasiya sahəsinə 200 milyondan çox sərmayə qoyulmuşdur. Bu, aviaparkı müasir «Boeing-757» təyyarələri ilə təmin etmək, aeronaviqasiya sistemini müasirləşdirmək, iyirmi müvafiq ixtisaslar üzrə kadr hazırlığı sistemini yaratmaq, Bakı şəhərində dünyanın altmışdan çox aviaşirkətlərinin təyyarələrinə xidmət göstərən müasir beynəlxalq aeroport tikib istifadəyə vermək imkanı yaratdı. Hal-hazırda ölkənin daha beş regionunda beynəlxalq statusu almış aeroportlar tikilmişdir. 
    Tikintisi 2005-ci ildə başa çatmış Bakı Yük Terminalında (BYT) qərbdən şərqə və şimaldan cənuba göndərilən yüklərin qəbul edilməsi üçün hər cür şərait yaradılmışdır. Azərbaycanın Mülki Aviasiyanın idarə edilməsi və tənzimlənməsi sahəsində Dövlət Təşkilatı  - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasıdır (www.caa.gov.az).

  • Azərbaycanın hava yolları

    Azərbaycan hava yolları  (AZAL, «Azerbaijan Airlines») Qapalı Səhmdar Cəmiyyəti «Azərbaycan Hava Yolları»nın tərkibinə daxildir və iri aviaşirkət olmaqla, Azərbaycanın milli aviadaşıyıcısıdır.  «Azərbaycan Hava Yolları» QSC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.  Bakı şəhərində yerləşir. 
    AZAL Avropa, MDB, Yaxın Şərq və Asiya  ölkələrinə sərnişin daşınmasını həyata keçirir. Hazırda MDB-nin Moskva, Sankt-Peterburq, Rostov-Don, Həştərxan, Simferopol, Tbilisi, Kiyev, Yekaterinburq, Aktau kimi şəhərlərinə birbaşa reyslər açılmışdır. Şirkət habelə Ankara, Dubay, Berlin, Cenevrə, Nyu-York, London, Milan, Paris, Roma, İstanbul, Tehran, Tel-Aviv, Pekin,  Urumçi  və s. kimi şəhərlərə  beynəlxalq aviareyslər də həyata keçirir. 
    2014-cü ildə uzaq məsafəli uçuşlar üçün olan «Boeing» təyyarələr partiyası alındıqdan sonra Şimali Amerikaya və Cənub-Şərqi Asiyaya da birbaşa marşrutlar açmaq planlaşdırılır. 
    Şirkətin fəaliyyəti və reyslərin cədvəli ilə ətraflı  AZAL-ın www.azal.az. rəsmi saytında tanış olmaq olar.

  • Heydər Əliyev Beynəlxalq aeroportu

    Heydər Əliyev Beynəlxalq aeroportunun rəsmi  saytı: www.airport.az

  • Dəmir yolu nəqliyyatı

    Xatırlatmaq istərdik ki, Azərbaycan Dövlət Dəmir yolu (ADDY) 1880-ci ildə yaradılmışdır. Hazırda Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 944 km, istismar olunan dəmir yollarının uzunluğu isə  2 122 km təşkil edir, onlardan  815 km – iki yolludur. 
    «2008-2011-ci illərdə Azərbaycan Dəmir yollarının inkişafı Proqramına» müvafiq olaraq,  TRASEKA dəhlizinin mərkəzi seqmenti olan 503 km uzunluğunda  Bakı-Gürcüstan sərhəddi sürətli dəmir yolu magistralının layihələndirilməsi üzrə işlər aparılır.  
    Bakı-Tbilisi-Qars magistralında uzunluğu 100 km olan yeni  dəmiryolu sahəsinin tikintisinə və Bakı-Tbilisi-Türkiyə sərhəddi dəmir yolu infrastrukturunun bərpasına xüsusi diqqət yetirilir, bu yol Orta və Mərkəzi Asiya regionunu Azərbaycandan, Gürcüstandan, Türkiyədən keçməklə Avropa ilə birləşdirəcəkdir. Çindən və Qazaxıstandan  çıxan dəmiryol qatarları Orta Asiyadan, Xəzər regionundan, Bakı və  Tbilisidən keçməklə İstambula çata, oradan Bosforun altından salınmış tunel vasitəsilə Avropaya yönələ bilərlər.

  • Bakı dəmiryol vağzalı

    Bakı dəmiryol vağzalı binaları kompleksi 1884-cü ildə tikilmiş köhnə Tiflis vağzalından, yeni Bakı-Sərnişin vağzal binasından (XX əsrin 60-70-ci illəri) və işçilərin Abşeronun neft mədənlərinə daşınması (Bakı-Sabunçi) məqsədilə xüsusi olaraq SSRİ-də  ilk elektrik qatarları üçün tikilmiş (1924-cü il) Sabunçi  vağzalından ibarətdir. 
    Vağzal kompleksi şəhərin mərkəzində, 28 May metrostansiyasının yanında yerləşir. Buradan Bakı-Moskva-Bakı, Bakı-Həştərxan-Bakı, Bakı-Mahaçqala-Bakı, Bakı-Rostov-Bakı, Bakı-Tbilisi-Bakı, Bakı-Xarkov-Bakı, Bakı-Odessa-Bakı, Bakı-Tümen-Bakı, Bakı-Novosibirsk-Bakı marşrutları ilə beynəlxalq sərnişin daşımaları həyata keçirilir. Habelə Gəncəyə, Sumqayıta, Hövsana, Mərdəkana şəhərətrafı elektrik qatarları da buradan yola salınır.
    Vağzal kompleksindən bir neçə məhəllə qıraqda Ü.Hacıbəyli adına Konservatoriya, Azərbaycanın Milli Bankı, Heydər Əliyev adına Saray yerləşir. 
    Qeyd etmək lazımdır ki, Bakı dəmiryol vağzalının kassalarında biletlərin satışı  o cümlədən  POS-terminalları vasitəsilə həyata keçirilir, bu da sərnişinlərə biletin dəyərinin ödənilməsi zamanı  Visa və MasterCard ödəniş sistemləri vasitəsilə bank kartlarından istifadə etməyə imkan verir.

    ADDY-nun fəaliyyəti, qatarların hərəkət cədvəli  və gediş tarifləri ilə ətraflı rəsmi www.railway.gov.az saytında tanış olmaq olar.

  • Dəniz nəqliyyatı və dəniz magistralları

    Azərbaycan Dövlət Xəzər dənizi Gəmiçiliyi (KASPAR) Xəzər dənizi hövzəsində iri gəmi mülkiyyətçiliyi şirkətidir. Bu, əsas fəaliyyəti yüklərin (neft və neft məhsullarının) daşınması olan çoxsahəli nəqliyyat təşkilatıdır. Üzgü rayonları: Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Mərmərə dənizidir. Gəmiçiliyin inkişafının strategiyası  və prioriteti əsasən mümkün qədər Avraziya Nəqliyyat Dəhlizindən istifadəyə yönəldilmişdir.  
    Gəmiçiliyin əsas istehsal bazası – 70 gəmidən ibarət nəqliyyat donanmasıdır, bunlardan 34-ü tanker (sudaşıyan), 26-sı universal quru yüklər daşıyan gəmilər, 2-si Ro-ro və cəmi dedveyti 316,0 min ton olan 8 dəniz dəmiryol yük-sərnişin bərələridir. 
    Hazırda Azərbaycanın tanker imkanları ildə 15-20 milyon ton nəql edilən neft və neft məhsulları ilə qiymətləndirilir. Bakı-Türkmənbaşı-Bakı və  Bakı-Aktau-Bakı xətləri üzrə bərələrlə yük daşımalarının aktiv inkişafı nəzərdə tutulur.

  • Bakı Dəniz limanı

    Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli  1902-ci ildə qoyulmuşdur, indi , Xəzər dənizində olan  limanların ən irisi və ən mühümüdür. Öz fəaliyyətinə başladığı dövrdə bir neçə taxta körpü və  tərsanələrlə təchiz edilmiş Bakı Limanı bir əsr ərzində daima inkişaf etmiş  və Azərbaycanın əsas dəniz qapısına çevrilmişdir, indi o,  Transxəzər ticarətində mühüm rola malikdir. 
    Liman gecə-gündüz fəaliyyət göstərir və Avropa ilə Asiya arasında aparılan ticarətdə əsas halqalardan biridir. Bu, TRASEKA layihəsi – Böyük İpək yolunun bərpası sayəsində mümkün olmuşdur. 
    Apreldən noyabra kimi, Rusiya çaylarında naviqasiya zamanı gəmilər qərbi Avropa və Aralıq dənizi limanlarından birbaşa reyslər həyata keçirə bilərlər. 
    Transxəzər neft daşımaları həcminin əhəmiyyətli artımı və Azərbaycana neft avadanlığının idxalı fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti yüksək  dərəcədə artmışdır. Limanın müştərilərinə göstərilən xidmətlərə aşağıdakılar daxildir: quru və maye daşıyan yüklərin emalı; böyük və layihədə olan yüklərin emalı; konteynerlərin emalı (o cümlədən yükvurma/yükboşaltma); yüklərin anbara vurulması və saxlanması. 
    Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibinə daxildir: Əsas Yük Terminalı, Konteyner Terminalı, Dübəndi Neft Terminalı, Bərə Terminalı və Sərnişin  Terminalı. 
    Bakı Dəniz Limanı barədə ətraflı məlumatı www.bakuport.gov.az saytında almaq olar.

  • Avtomobil nəqliyyatı

    Azərbaycanda ümumi istifadə üçün olan avtomobil yollarının uzunluğu 24 981 km təşkil edir. Onlardan 191 km-i avtomobil nəqliyyatının hərəkəti üçün  4 zolaqlı avtomagistral tələblərinə cavab verir. Ölkə üzrə avtomobil yollarının ümumi sıxlığı   288 km/1000 kv.km təşkil edir. 
    Avtomobil yolları şəbəkəsi ölkənin bütün şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava və dəniz limanları, dəmiryol stansiyaları, qoruqları, kurort və turist istirahət zonaları, habelə qonşu ölkələrlə sərhəd ayırıcı məntəqələri ilə etibarlı surətdə bağlıdır. 
    Sərnişin və yük daşıyan nəqliyyat axınının keçdiyi əsas avtomobil yolları uzunluğu 503 km olan Bakı-Ələt-Gənca-Qazax-Gürcüstan sərhədi (TRASEKA dəhlizinin Azərbaycan seqmenti) və uzunluğu 521 km olan Rusiya -Bakı-Astara- İran İslam Respublikasının sərhədidir («Şimal-Cənub» dəhlizinin Azərbaycan seqmenti).  
    Avtomobil nəqliyyatı Azərbaycanda tam özəlləşdirilmişdir. Sərnişinlərin və yüklərin daşınmasında əsasən səhmdar cəmiyyətlər və özəl sektor (firmalar və fiziki şəxslər) çalışır. 
    Azərbaycan Respublikasına və onun ərazisindən keçməklə yüklərin digər ölkələrə daşınmasını Avropa və Asiyanın 40 ölkəsinin avtomobil daşıyıcıları həyata keçirir. Azərbaycan Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikasının şəhərləri ilə sərnişin avtobus nəqlinə malikdir. 
    Beynəlxalq  sərnişin daşınması şəhərin girişində yerləşən Bakı avtovağzal kompleksindən həyata keçirilir.  
    Şəhərlərarası və beynəlxalq avtobus marşrutlarının gediş cədvəlləri və qiymətləri ilə rəsmi  www.bbak.az saytında tanış olmaq olar.

  • Bakı  metropoliteni

    Bakı metropoliteni öz işinə  6 noyabr 1967-ci ildə başlamışdır, hazırda 23 stansiya fəaliyyət göstərir, xətlərin ümumi uzunluğu   34,6 km.-dir. Qatarların mürəkkəb strukturlu hərəkətinə malik iki  xətti vardır, bunları da şərti olaraq 5 marşruta bölmək olar. 
    Bakı metropolitenin rəsmi saytı: www.metro.gov.az

İstənilən ölkəyə  səyahət etməyi planlaşdırarkən, onun bəlkə də ən vacib tərkib hissəsi, nəqliyyat olur. Əlbəttə, hamı istəyir ki, nəqliyyat  həmişə əl altında, rahat olsun. Bəs Azərbaycanda nəqliyyatla vəziyyət  necədir? Ən əvvəl, ölkəyə necə gəlib çıxmaq barədə danışaq.

 

· Aviasiya nəqliyyatı

Əvvəla, bu, milli aviadaşıyıcı  - «Azərbaycan Hava yolları» AZAL-dır, o, Bakı Heydər Əliyev Beynəlxalq aeroportu və ölkənin digər aeroportları vasitəsilə uçuşlar həyata keçirir.

AZAL-ın martşrut şəbəkəsi  kifayət qədər genişdir: bu, Avropanın əsas şəhərləri və MDB ölkələrinin paytaxtlarıdır, yerli istiqamətlərdən ən çox istifadə olunan marşrut – Naxçıvan və Gəncədir, burada hava nəqliyyatı ölkənin digər əraziləri ilə yeganə əlaqə vasitəsidir  (biletin dəyəri hər iki tərəfə 100 avro təşkil edir). Bundan əlavə, ölkə daxilində Lənkəranda, Zaqatalada, Qəbələdə də aeroportlar fəaliyyət göstərir. Qəbələdə aeroport əsasən turistlərə xidmət edir. Yaxın illərdə  əsrarəngiz təbiətə malik bu şəhərdə spa-kurortlar,  dəbdəbəli otellər, uşaq mərkəzləri, ippodrom, qolf üçün çəmənliklər, dağ-xizək kurortu tikilmişdir. 

Aparıcı Avropa aviaşirkətlərinin çoxunun təyyarələri Bakıya uçur.

AZAL MDB ölkələrinə:  Aktauya, Kiyevə, Mineralnıe Vodıya, Moskvaya, Novosibirskə, Tbilisiyə, habelə  Ankaraya, Dubaya, Berlinə, Cenevrəyə, Kabula, Londona, Milana, Parisə, Romaya, İstanbula, Nyu-Yorka, Tehrana, Tel-Avivə, Urumçiyə, Pekinə birbaşa reyslər həyata keçirir.

Aviaşirkətin reyslərinin cədvəlləri ilə azal.az saytında tanış olmaq olar.  

Turistlər üçün xoş xəbər: AZAL Aviaşirkətinin təyyarələrinin bortunda indi mobil telefondan istifadə etmək olar, növbəti mərhələdə isə operator tərəfindən  internet-xidmətlərin göstərilməsi olacaqdır. Bu, MDB məkanında təyyarələrin bortunda bütün rabitə xidmətlərinin göstərilməsi üzrə  ilk layihə  olacaqdır. 

Azərbaycanın mobil rabitə Operatoru – Azerfon, aviaşirkətin hava gəmilərində mobil rabitə  xidmətləri göstərmək üçün 10 illiyə müstəsna razılıq əldə etmişdir. Lakin digər iki operator da  Azerfonla  rouminq  sazişi bağlayaraq təyyarələrin bortunda mobil rabitə xidmətləri göstərə bilərlər. 

Bu sistem AZAL şirkətinin artıq 13 aerobusunda və 3 Boeing Dream Liner-də tətbiq olunur. Yeri gəlmişkən, təyyarənin olduğu zonadan asılı olmayaraq, zəngin bir dəqiqəsinin qiyməti 1,75 manatdır. Hava limanından şəhərin "28 may" metrostansiyasına şattlbus fəaliyyət göstərir.

 

· Dəmiryol nəqliyyatı

Hava nəqliyyatından keçirik dəmiryol nəqliyyatına. Təəssüflər olsun ki, Azərbaycanda bu yerüstü nəqliyyat növü üstünlük təşkil etmir, lakin artıq sürətli və müasir qatarların ölkəmizdə tətbiqinə start verilmişdir.

Hazırda Tbilisi-Bakı, Tümen-Bakı, Rostov-Bakı, Moskva-Bakı, Xarkov-Bakı və digər  marşrutlardan istifadə etmək olar. 

İstiqamətlər və qatarların hərəkəti barədə ətraflı məlumatı ady.az saytından əldə etmək olar.

Elektrik qatarları və yerli qatarlar çox ləng gedir, odur ki, ölkə daxilində avtomobil nəqliyyatına üstünlük verilir.

 

· Avtobuslar və  marşrut taksiləri

Aeroportdan şəhərə gedənlərin nəzərinə çarpan ilk  xüsusiyyət – aeroporta gedən yolun yüksək keyfiyyətli olmasıdır. Özü də bunlar ikitərəflidir! Odur ki, təyyarəyə minmək üçün aeroporta gedərkən tıxacda qalmaq təhlükəsi ehtimalı azdır. Aeroportdan Bakının mərkəzinə 25-30 dəqiqəlik yoldur. Taksinin qiyməti 25-30 avrodur.

Çox vaxt aeroporta gedən avtoban keçmiş sovet ölkələrinin fəxr etdikləri yeganə xüsusiyyət olur, lakin bu, Azərbaycan barədə deyilməmişdir, burada nəqliyyat infrastrukturunun inkişafı ən üstün dövlət vəzifələrindən birinə çevrilmişdir. Bütün turist mərkəzlərinə mükəmməl örtüklü, bütün nişanlar qoyulmuş əla yollar salınmışdır, odur ki, ölkədə səyahət etmək adama böyük ləzzət verir. 

Bakı ilə Azərbaycan regionları arasında avtobuslarla və marşrut taksiləri ilə hərəkət etmək olar.

Bakı beynəlxalq  avtovağzal kompleksinin sərnişin avtobuslarının tarifləri və hərəkət qrafiki ilə bu link vasitəsi ilə tanış olmaq olar. 

Bakı beynəlxalq  avtovağzalı şəhərin girişində yerləşir. Ora "20 Yanvar" metrostansiyasından N197, N116, N90 nömrəli marşrut avtobusları ilə çatmaq olar.

Paytaxtda şəhər avtobuslarında gediş haqqı 0.2 avro təşkil edir.

 

· Taksi

Bakıda taksi – bənövşəyi London kebləridir! Yerli əhali onu «badımcanlar» adlandırır, keblərin istehsalı keçən illərdə ingilislər tərəfindən çinlilərə satılmışdır. Müqaviləyə əsasən Azərbaycanın paytaxtına 3000 belə bənövşəyi taksilər gətirilməli idi. İndi Bakıda təxminən 2000-ə yaxın belə taksilər var. İlk «LondonTaxi» GeelyTX4 Azərbaycana 2011-ci ildə gətirilmişdir. 

Qeyd etmək lazımdır ki, belə taksinin salonuna 5 sərnişin yerləşir, özü də qabaqda sərnişin yeri əvəzinə yük üçün yer (baqajnik) qoyulmuşdur. Sürücülər deyir ki, maşının konstruksiyası yüksək təhlükəsizliyi ilə fərqlənir, çünki sürücünün kabinəsi sərnişinlərdən şüşə ilə ayrılır, təkcə kassa üçün kiçik pəncərə qoyulmuşdur.   

1 kilometr gediş haqqı təxminən 4 avrosentdir. Yeri gəlmişkən, taksi sürücüləri ciddi surətdə sayğaca riayət edirlər.

Uber  – Dünyanın ən böyük onlayn taksi sifarişi xidməti 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Sayğac üzrə tarifi: əyləşmə üçün 1 avro, hər km üçün - 0,6 avro. «London» taksilərinin çağırılması üçün Baku Taxi Company-nin *9000 qısa nömrəsinə zəng etmək kifayətdir.

Daha bir rəhat gecə-gündüz taksi xidmətini "Motor-Servis" şirkəti göstərir, bunun üçün  (+99412) 189 nömrəsinə zəng edib sifariş vermək lazımdır. 

Regionlarda taksinin qiyməti 1-2 manatdır. Bundan başqa, əyalətlərdə hələ də canla-başla xidmət göstərməyə hazır olan «jiquli» taksi sürücüləri qalmaqdadır. Bunun da öz ləzzəti var, onlar nəinki sizi vaxtında lazım olan yerə çatdıracaq, hələ bütün son məlumatları da verəcəklər! 

 

· Metro

Bakı – iri meqapolisdir və orada bir yerdən başqa yerə getmək üçün ən sərfəli nəqliyyat növü metrodur. Keçmiş sovet dövrünün metrolarında olduğu kimi Bakı metropoliteni də dizayn və memarlıq təntənəsidir (heyf ki, şəklini çəkmək olmaz). Elə bircə «Nizami Gəncəvi» stansiyası nəyə desən dəyər!  Məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan  bu stansiya Bakı metropoliteninin ən gözəl stansiyalarından biridir. Yeraltı zalın  girişinin önündəki divarı Nizami Gəncəvinin mozaikadan salınmış portreti, qatarlara keçən divarlarını isə  onun əsərlərinin  mövzularından ibarət panolar  bəzəyir. Stansiyanın quruluşunun müəllifi SSRİ xalq rəssamı  Mikayıl  Abdullayevdir.  

Metroda gediş haqqının dəyəri 20 qəpikdir (0.2 avro). 

Metropolitenin tarixi, fəaliyyəti və gediş sxemi barədə daha  ətraflı məlumatı üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuş metro.gov.az saytından almaq olar.

 

· Maşın icarəsi

Bakı aeroportunda, demək olar, bütün maşın icarəsi agentliklərinin nümayəndəlikləri var.  İcarə haqqı ilkin səviyyəli sedan üçün gündə təxminən 50 $-dır. Maşını istər sürücü ilə, istərsə də sürücüsüz icarəyə götürmək olar.  

Bütövlükdə ölkədə səyahət etmək asan və rahatdır, ərazi nisbətən kiçik olduğu üçün bir yerdən başqa yerə getmək çox vaxt almır. Yolların qırağında çox yerlərdə qəlyanaltılar var, burada adambaşına 5-8 avroya sizə ətdən hazırlanmış çoxsaylı dadlı və doyumlu  yeməklər təklif edə bilərlər. 

Uğurlu səyahətin tərkib hissələrindən biri də – nəqliyyatdır. Azərbaycanda bu problem yoxdur. 

Bir dəfə Azərbaycana gələn kimi, onun barədə fikrinizdə olan çoxsaylı stereotiplər və miflər tam dəyişir. Mübaliğəsiz demək olar ki, Bakı qəribə şərq koloritli Avropa şəhəridir. 

Azərbaycana ilin istənilən vaxtı gəlmək olar. Planetdə mövcud olan on bir iqlim zonasından doqquzunun hökm sürdüyü ölkəmizdə qonaqları ilin bütün fəsillərində qəbul etmək olar. Lakin mövsümlərdən hər birinin özünün təkrarsız rəngləri və xüsusiyyətləri vardır. Onlardan hansının sizə daha böyük ləzzət verəcəyini yalnız onun əsrarəngiz təbiəti, Xəzərin sahili, Azərbaycanın qədim tarixi və mədəni ənənələri ilə tanışlığınızdan sonra biləcəksiniz. Ümidvarıq ki, bu bölmədə təqdim etdiyimiz informasiya sizə ölkəmizə səyahət etmək üçün düzgün vaxtı seçməyə kömək edəcəkdir.

Azərbaycanda Xəzər dənizi sahili boyu, meşələrdə və dağlarda yerləşmiş istirahət və əyləncə zonaları günəşi, dənizi və qumu, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi, şəlalələrdə çimməyi və atla gəzməyi sevən hər kəsə unudulmaz təəssüratlar bağışlayacaqdır. Azərbaycanın bir çox turist regionlarında yüksək müalicəvi göstəricilərə malik çoxsaylı termal və mineral su qaynaqları vardır. 
Yay mövsümünün əsas xüsusiyyətlərindən biri də bu vaxtlar Azərbaycanda öz çeşidləri ilə hamını heyran qoyan meyvə-tərəvəz bolluğudur. Bunlara çox dadlı gilas və albalıları, bal kimi şirin ərikləri, şaftalıları, çiyələyi, moruğu, böyürtkəni, armudları, alçaları aid etmək olar.

Bundan sonra qarpız, qovun, əncir, üzüm dövrü gəlir, bu meyvələr keyfiyyətinə görə ancaq yunan və İtaliya meyvələri ilə müqayisə oluna bilər. 
Əsil təam qurmanlarına Azərbaycan mətbəxinin yay xörəkləri ləzzət verə bilər. Bu xörəklərin əsasını hazırlanması zamanı öz təbii dadını saxlayan yerli məhsullar təşkil edir. Son zamanlar daha çox xarici qonaqlar Azərbaycan aşpazlarının reseptlərində gözlənilən bu xüsusiyyətləri qeyd edirlər. Bu, hər şeydən əvvəl, təbiət qoynunda bişirilən kababa aiddir, çünki bu kabablar təzə və şirəli ətdən, balıqdan, quşdan və ov quşlarından hazırlanır. Kababxanalar Azərbaycanda İtaliyanın tavernalarından, slavyan yeməkxanalarından, fransızların sürətli yemək qəlyanaltılarından, yaponların balıq restoranlarından az şöhrət qazanmamışdır… 
Burada hər cür yeməyin yanında mütləq bütün menyularda əsas yer tutan göyərti, pendir, ağıza ləzzət verən şoraba və turşular verilir. 
Azərbaycanın qonaqlarını və turistlərini, habelə yüksək musiqi həvəskarlarını cəlb edən bir mərkəz də Qəbələ musiqi festivalıdır. 2009-cu ildən bəri hər il yayda (iyul ayının axırı-avqust ayının əvvəli) Azərbaycanın Qəbələ şəhərində (Qəbələ rayonu) klassik musiqi, caz və muğam festivalı keçirilir.
Festival Heydər Əliyev Fondunın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Musiqiçilər açıq hava altında meydançalarda və Qəbələnin kamera konsert zallarında çıxış edirlər.Festivalda dünyanın bir çox ölkələrindən orkestlər və ifaçılar iştirak edirlər. Hər iki ildən bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir. 
Qəbələ musiqi festivalının rəsmi saytı: www.gabalamusicfestival.com

Paytaxtda yay

Azərbaycanın paytaxtı– Bakı, bir çox cəhətdən yayda daha cəlbedicidir. Şəhər çoxsaylı kurort-çimərlik zonaları: Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şıx, Novxanı, Pirşağı, Dübəndi və i. a. ilə əhatə olunmuşdur. Son illər bunların ərazilərində rahat mehmanaxanalar tikilmiş, müasir standartlar səviyyəsində xidmətlər göstərilən özəl çimərliklər açılmışdır. Hazırda Jumeirah Bilgah Beach Hotel, Sea Breeze kimi otellər, AF Hotel-Aqua Park, Khazar Golden Beach Hotel ailə-əyləncə kompleksləri xüsusi şöhrət qazanmışlar. Paytaxtda və şəhərətrafı ərazilərdə bir neçə akvaparklar açılmışdır ki, əgər siz çimmək həvəskarı deyilsinizsə, burada vaxtınızı çox gözəl keçirə bilərsiniz. 
Bakıya birinci dəfə gələn adamlara bilmək maraqlı olar ki, Azərbaycanın paytaxtı qonaqları ən müxtəlif kateqoriyalı mehmanxanalarda qəbul edir. Bu həm təmtəraqlı otellər, yeri gəlmişkən şəhərdə onların sayı çoxdur, həm də biznes-otellər, butik-otellər, çox qəşəng, bənzərsiz ailə və hətta romintik otellərdir. 
Gecə Bakı ən müasir filmlərdə çəkilmiş fantastik meqapolisə oxşayır. Bakı bulvarı – dünyada ən gözəl bulvarlardan biridir, o, Azərbaycana gəlməsinin məqsədindən asılı olmayaraq, gələnlərin hamısı üçün ən cazibəli yerdir: çox gözəl landşaft dizaynı, kölgəli xiyabanlar, ən dadlı dondurmalar, bütün növ çərəzlər və qəlyanaltılar təklif edilən rahat qəhvəxanalar, çayxanalar, yaxt-klublar, uşaqlar və böyüklər üçün attraksionlar,ticarət-əyləncə mərkəzi Park Bulvar. Milli dənizkənarı parkın əsil bəzəyi «Eurovision» – 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün açılmış neon işıqlarla bərq vuran idman-konsert kompleksi Baku Crystal Hall və Bulvar ərazisinin yeni hissəsində tikilən infrastrukturdur.
Bakıda şəhər parklarının və bağlarının gəzintisi də adamda böyük təəssüratlar yaradır. Qədim Filarmoniya bağı, Zabitlər bağı, Xaqani (keçmiş İolokan) bağı abadlaşdırılmış və daha da gözəlləşdirilmişdir. Nəbatət bağına və Mərdəkandakı dendrariyə getmək çox maraqlı olardı, burada dünya florasının müxtəlif növlərindən kolleksiyalar toplanmışdır. Müasir standartlara uyğun olaraq yenidən rekonstruksiya edilmiş funikulyor da işləyir. Ekskursiya həvəskarları Bakıda gəzinti zamanı tarixi-mədəni qoruq olan İçəri şəhər, Şirvanşahlar Sarayı, Qala arxeoloji-etnoqrafik muzey kompleksi, Qobustan Dövlət Tarix-rəssamlıq qoruğu, tarix-memarlıq kompleksi Atəşgah və paytaxtın digər görməli yerlərinə baş çəkərkən, çoxlu maraqlı məlumatlar əldə edə biləcəklər.


Sakit günəşli günlər, ilıq dəniz və öz görkəmini yalnız oktyabrın sonunda dəyişməyə başlayan yaysayağı yaşıl parklar, bağlar adama əsil zövq verir. Payız Azərbaycanda çox gözəldir! Burada istirahət böyük təəssüratlarla doludur, turistlərin digər şəhərlərdə olduğu kimi gəzinti proqramlarına mane olan pis havalar olmur.

Azərbaycanda payız – təbiətin bol nemətlərindən həzz almaq istəyənlər üçün bundan yaxşı nə ola bilər! Ənciri, qarpızı, zoğalı payızda heyva, qoz, xurma və nar əvəz edir. Dadına və faydalılığına görə tayı-bərabəri olmayan al-qırmızı, şirəli nardan yaxşı nə ola bilər. Onların çəkisi bəzən kiloya çatır.

Əbəs yerə deyil ki, ən ləzzətli narların məkanı olan Göyçay rayonunda oktyabr ayının axırlarında Nar Bayramı keçirilir, bu bayram bir çox turistləri bura cəlb edir. Təzə üzüm, nar, moruq, albalı və çiyələk şərabları istər möhtəşəm restoranlarda, istərsə də yolkənarı qəlyanaltılarda böyük bacarıqla hazırlanan balıq xörəklərini tamamlayır, burada yoldan keçən hər bir səyyah istədiyi vaxt özünə rahat bir guşə tapa bilər. Yerli meyvələrdən hazırlanan təzə mürəbbələr Azərbaycan çayxanalarının bütün müştərilərində böyük şöhrət qazanmışdır. Sentyabr ayının axırına hamının sevdiyi Bakı bulvarı görkəmini tamam dəyişir. Burada, Milli dənizkənarı parkda eyni vaxtda bir neçə əlamətdar hadisə qeyd edilir.

Sentyabrın 20-də ölkədə Neftçilər günü və bütün dünyada «Əsrin kontraktı» adı altında məşhur olan və hazırda 34 şirkətin iştirak etdiyi müqavilənin imzalanması günü keçirilir.

Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi maraqlı tədbirlər keçirir. Məsələn, ayrı-ayrı illərdə bu günlər çərçivəsində konsertlər verilmiş, milli incəsənət ustalarının işlərindən ibarət sərgilər nümayiş etdirilmiş, suvenir lotoreyaları, xalq gəzintiləri və i.a. təşkil edilmişdir.

Payızda paytaxtda hər il bütün dünyadan ən məşhur ifaçıların iştirak etdiyi Bakı beynəlxalq caz festivalı keçirilir. Bir çox xarici caz musiqi ulduzları bura gəlib Azərbaycan musiqiçiləri ilə birgə öz istedadlarını nümayiş etdirirlər. Festival çərçivəsində Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam mərkəzində, Heydər Əliyev adına Sarayda və Bakı filarmoniyasında konsertlər verilir. Festivalın rəsmi saytı: www.jazzcenter.jazz.az.

Bakıya payızda gəlmək şəhərin muzeyləri və teatrları ilə tanış olmaq üçün yaxşı imkandır. Azərbaycanın Muzey mərkəzinə, Azərbaycan Tarixi muzeyinə, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinə, Azərbaycan dövlət musiqi mədəniyyəti muzeyinə, Miniatür kitab muzeyinə, Milli İncəsənət Muzeyinə təşrif buyurmaq, Bakının müxtəlif teatrları ilə tanışlıqdan az zövq verməyəcəkdir. Bunların arasında Azərbaycan Dövlət Akademik Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Azərbaycan Dövlət Rus Dram teatrı, Azərbaycan Dövlət Musiqili teatrı və digərləri öz memarlığı, tarixi və repertuarı ilə fərqlənir.

Azərbaycana ilk dəfə sentyabr-oktyabr aylarında gələn əcnəbilərin çoxu minilliklərin sirlərini gizlədən tarixi obyektlərə getməyi xoşlayırlar. Belə turmarşrutlardan biri sizi nadir bir yerə – Beşbarmaq dağına gətirib çıxaracaqdır. Rəvayətlərə görə, müqəddəs Xızr burada əbədilik bulağı tapmışdır. Quba rayonunun Xınalıq kəndi də özünəməxsus ənənələri və mədəniyyəti ilə məşhurlaşmışdır, yalnız bu kəndin sakinləri dünyada heç kimin danışmadığı bir dildə danışır. Bundan başqa, Qalaaltı kəndinin yaxınlığında olan Çıraqqala (IV-V əsrlər) və digərləri də maraq doğuran obyektlərdir.

Ov, balıq ovu, göbələk, dərman bitkiləri həvəskarları da zəngin gölləri, şəfalı bulaqları, qoruq meşəlikləri olan mənzərəli meşə təsərrüfatlarına gedə bilərlər, burada götürülən qənimət ən tələbkar səyahətçini də razı salar.


Azərbaycana dekabr ayında gəlmiş get-gedə daha çox əcnəbi turistlər mütləq Şəkinin tarixi yerlərində olmağa çalışırlar, burada ilin sonunda nadir at turnirləri və yarışları keçirilir. Bunlardan ən məşhuru qədim Azərbaycan oyunu – çovqandır, bu atların iştirakı ilə oynanılan oyundur. Ölkənin bir çox regionlarının bu turnirlərə get-gedə artan marağı polo oyununun şərq versiyası olan bu milli, seçmə, şahsayağı nəcib oyunun canlanacağı ehtimalını irəli sürür. Qışda Azərbaycanda doyumlu milli xörəklər və mətbəx sürprizləri həvəskarları üçün firavanlıq dövrü başlanır.

Məhz qış vaxtı səhər tezdən mal ayaqlarından vam odda bütün gecə ərzində hazırlanmış isti xaş, yaxud həm səhər, həm də axşam buğlanan düşbərə, qoyun ətindən soğança, sarımsaq, istiot və quru göyərti ilə xəmirin içində bişirilmiş ət piroqu-ficim, habelə saxsı qablarda hazırlanan zərif və dadlı piti xüsusilə ləzzət verir. Bu şəffaf ətirli şorba zəfəranla ədviyyələnir, süfrəyə istiot, sumax, nanə, pomidor və ya şabalıd ilə verilir.

Hansı qış dəniz məhsulları olmadan keçir? Səxavətli Xəzər ən ləziz balıq xörəkləri qurmanlarının da zövqünü oxşaya bilmək qabiliyyətindədir. Bu xörəkləri paytaxtın və regionların restoranları təqdim edirlər. Pomidor və pendirlə «Abşeron» sousu altında nərə balığı, laylı xəmirdə içi doldurulmuş qızıl balıq, qızmış tavada öz yağında qızardılan ilan balığı, içi kişmiş və qozla doldurulmuş kütüm, fırında və ya təndirdə bişirilmiş balıq kababları və hisə verilmiş balıqlar…

Soyuq qıhda şirəli naringilərin, təzə lumuların və mandarinlərin dadına baxmaq istəyirsinizmi, bunları bütün qışı Azərbaycanda süfrəyə verirlər. Bu ətirli sitrus meyvələri həmişə bayram əhvali-ruhiyyəsi yaradır, özü də digər ölkələrdə olduğundan ucuzdur.

Ümumilikdə,Bakının yerləşdiyi Abşeron yarımadasında qış orta temperaturu + 4-6 dərəcə olmaqla mötədildir. Yox, əgər Azərbaycanda qış istirahətinin bütün gözəlliklərini hiss etmək istəyirsinizsə, onda sizi Qusar və Quba rayonlarında qar cənnəti, «Şahdağ» turizm mərkəzi (www.shahdag.az) gözləyir. Qafqazda analoqu olmayan bu dağ kurortu ən gözəl sözlərlə vəsf edilməyə layiqdir. Burada qış idman növləri üzrə yarışlar keçirmək, habelə ilin istənilən mövsümündə istirahət etmək olar.

Təxminən 2000 hektar sahədə beş beşulduzlu otellər, şərq üslubunda şale və kotteclər tikilir, xizək yolları salınır, özünün xizək məktəbi, kanat yolları, süni qar yaratma sistemi… hətta meyvə bağları və alabalıqlı kiçik çayları da var. Şahdağın ən yüksək zirvəsində, 2500 metr hündürlükdə fırlanan restoran tikiləcəkdir, ora ancaq kanat yolları ilə çıxmaq mümkün olacaqdır. İlk qonaqları kompleks artıq 2013-cü ildə qəbul edəcəkdir. Elə buradaca, Qusar rayonunun Laz kəndi yaxınlığında aydın qış günlərində siz bir neçə buz bağlamış şəlalərə çox maraqlı ekskursiyalar edə bilərsiniz.

Əlbəttə ki, 31 dekabrda qeyd edilən bütün Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramını da bütün restoranlar böyük anşlaqla keçirirlər, odur ki, yerlər əvvəlcədən sifariş edilməlidir.

Regionlarda isə Çay bayramı böyük təntənə ilə keçirilir. Ən çox da bu, çay məskəni olan Lənkəranda – Azərbaycanın cənub hissəsində qeyd edilir. Çoxsaylı qonaqlar böyük həvəslə yerli və xarici çay fabriklərinin məhsulunu alır, bu ətirli içkinin dequstasiyasında və habelə müsabiqələrdə iştirak edirlər, qalibləri burada qiymətli hədiyyələrlə mükafatlandırırlar.

Azərbaycanda qış sürprizləri arasında, sözsüz ki, Mstislav Rostropoviç adına musiqi festivalı əsas yerlərdən birini tutur. Bu beynəlxalq festival hər il Bakı şəhərində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilir. Bu festival əsil musiqi bayramı kimi keçir, orada dünyada məşhur olan ifaçılar və musiqi kollektivləri iştirak edir. Festival barədə daha ətraflı məlumatı M. L. Rostropoviç Fondunun rəsmi saytında (www.rostropovitch.ru/baku.html) əldə etmək olar.


Azərbaycana yazda təşrif buyurmuş səyahətçilərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz – baharın gəlməsini təsdiq edən bayramdır. Hər il bütün Azərbaycan mart ayının 21-də bu qədim bayramı qarşılayır, ona hələ dörd həftə əvvəldən hazırlaşırlar. Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri bütün mart ayı ərzində şəhərimizin qonaqlarında böyük təəssürat yaradır və onları heyrətə gətirir. Çoxları klassik mərasimlərə tamaşa etmək üçün xüsusi olaraq regionlara, məsələn Yuxarı Salahlı kəndinə gedirlər. Bayram günlərində Azərbaycanda qonaq getmək, bir-birilərinə hədiyyələr bağışlamaq, hər bir evdə mütləq bişirilən şirniyyatlara qonaq etmək adət halını almışdır.

Azərbaycanın Prezidenti İlham Əliyev hər il Novruz bayramı ərəfəsində təbrik nitqi ilə xalqa müraciət edir, ailəsi ilə birlikdə Qız Qalasının yanında və İçəri şəhərin küçələrində və Dənizkənarı Milli Parkda keçirilən xalq şənliklərində iştirak edir. 30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irsinin siyahısına daxil edildi. 23 fevral 2010-cu ildə BMT 21 Martı Beynəlxalq Novruz günü elan etdi.

Azərbaycan baharı gözəl havası və təbiətin gur, hər tərəfi bürüyən müxtəlif rəngləri ilə hamını fərəhləndirir. İlin bu dövründə Azərbaycan aşpazları sizə təzə-təravətli, özünəməxsus ətirli göylərdən hazırlanan vitaminli xörəklər təklif edə bilərlər. Baxmayaraq ki, təzə göyərti satışda həmişə olur, lakin yazda yetişən göyərtilərin ətri heç nə ilə müqayisəyə gəlmir. Bu vaxtlar bişirilən göy qutabları, kükülər, səbzi-plov xörək qurmanlarının, əlbəttə, çox xoşuna gələcəkdir. Azərbaycan mətbəxinin xörəklərini qiymətləndirməyi, plov bayramında iştirak etməyi, xörəklərin şahı olan zərif quzu ətindən, göyərti, şabalıd, qaysı, zoğal, kişmiş ilə hazırlanmış və ənənəvi olaraq böyük buludda süfrəyə verilən əlli (!) cür plovun dadına baxmağı kim istəməz? Darçın, mixək, istiot, zəfəran, cirə və digər ədviyyatlar bu xörəyə ekzotik dad verir.

Yazda Azərbaycana qonaqları cəlb edən daha bir mühüm hadisə – Bakı şəhərində keçirilən Beynəlxalq «Muğam aləmi» musiqi festivalıdır, o paytaxtın «Beynəlxalq Muğam Mərkəzində» Heydər Əliyev Fondu tərəfindən təşkil edilir. Festival çərçivəsində ölkəmizə bu xalq musiqi janrının məşhur ifaçıları, muğam sənətinin peşəkarları gəlirlər, muğam ifaçılarının müsabiqələri, muğam operaları, çoxsaylı simfonik və klassik muğam konsertləri ilə yanaşı, burada beynəlxalq elmi simpoziumlar da keçirilir. Festival adətən Heydər Əliyev Sarayında çoxsaylı tamaşaçılar yığan qala-konsertlə başa çatır. Festival haqqında ətraflı məlumatı onun rəsmi saytında www.mugam.az almaq olar.

Mayda bulvarda keçirilən parlaq Gül bayramı əsil bədii festival rəng çalarlarıdır, burada şəkilləri canlı güllərlə çəkirlər, vernisaj pavilyonları qismində isə Bakının mərkəzi bağlarında və kilometrlərlə uzanan Dənizkənarı parkın estakadalarında olan böyük qazonlar xidmət edir. Xüsusi olaraq dünyanın bir çox ölkələrindən gətirilən və bacarıqlı ustalar tərəfindən cazibədar şəkillərə, pannolara, freskalara və «abidələrə» çevrilən minlərlə açılmış çiçəklər rənglərin bütün çalarları ilə bərq vurur.

Bahar Bakıdan uzaqlarda da çox gözəldir. Qəbələni Qafqaz dağlarının əsrarəngiz gözəlliyinə görə əcnəbilər «Kiçik İsveçrə» adlandırmışlar. Dağ çəmənləri və meşələri turistləri öz gözəlliyi ilə cəlb edir. Ovçular və balıqçılar öz qənimətləri ilə həmişə razı qalırlar. Ekoloji turizm həvəskarları üçün bura əsil cənnətdir. Azərbaycanın şirmal-qərbində qədim məscidlər, məbədlər, türbələr nadir təbii artefaktlarla müqayisəyə çıxırlar. Bir qayda olaraq, turistlər gün altında bərq vuran «Qızıl qayaya», «Qızıl taxt» alp eylağına, göy dərə «İnciyə», qara qoyunlar dağına səyahət edir, çay kənarındakı kölgəli tuqay meşələrinin dərinliyinə girir, ya da Aveydağın mağaralarına baxmağa gedirlər.

Bizim ölkədə elə yerlər də vardır ki, onları dünyada heç nə ilə müqayisə etmək olmaz. İlin hər bir fəslində bura Sağlamlıq və Həyat məbədinə ziyarətə gedən kimi gəlirlər. Naftalan – sanatoriyaları, pansionatları olan və Goranboy rayonunda yerləşən kurort şəhəridir. Bu şəhəri hələ keçmiş zamanlardan yerin altından çıxan naftalan nefti məşhurlaşdırmışdır. Bu nefti qədimlərdə midiya yağı adlandırırdılar, bizə isə cadugər Medeyanın arqonavt Yasona bağışladığı yanıqları sağaldan möcüzəli məlhəmi yada salmaq lazımdır. Beləliklə, miflər və rəvayətlər gerçəklikdə təsdiq edilir! Hələ qədim zamanlardan Asiyanın müxtəlif guşələrindən gələn minlərlə naxoş adamlar Azərbaycana pənah gətirir, xəstəliklərdən yaxa qurtarmaq üçün buradan naftalan neftini aparırdılar. Həmən hadisə indi də davam edir.

*Məlumat kitabçası

Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir (aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri).

Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. (Gömrük orqanlarının bayrağı və tanınma nişanları).

Azərbaycan Respublikasının Gürcüstan, Rusiya, Türkiyə və İranla sərhədlərində keçid məntəqələri fəaliyyət göstərir. Həmçinin, Qazaxıstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan və Qazaxıstanla bərə vasitəsi ilə gediş-gəliş mövcuddur.

* Daha geniş məlumatı sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarından almaq olar.

1. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən:

1.1. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir.

1.2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

1.3. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal’’ və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur.

1.4. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. 1.5. “Qırmızı kanal” buraxılış sistemi mallara dair gömrük orqanlarına bəyannamə təqdim edilməklə, onların yazılı formada bəyan olunması üçün nəzərdə tutulur.

1.6. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə bəyannamə malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

1.7. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair bəyannamə həmin mallar gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair bəyannamə isə onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

1.8. Bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur.

1.9. Müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən bəyan edilir.

1.10. Fiziki şəxslər Dövlət Gömrük Komitəsinin rəsmi internet saytının (www.customs.gov.az) elektron gömrük xidməti bölməsindən istifadə etməklə, gömrük sərhədindən keçirəcəkləri mal və nəqliyyat vasitələrinə dair bəyannaməni əvvəlcədən və ya gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılmış elektron köşkdən istifadə etməklə həmin vaxtda doldurub çap edərək keçdikləri sərhəd gömrük orqanına təqdim edə bilərlər.

1.11. Fiziki şəxslər gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış elektron köşkün “Səyahətçilər üçün məlumat” qrafasından istifadə etməklə müvafiq qanunvericilik aktları barədə məlumat əldə edə bilərlər.

2. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər:

2.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;
2.2. hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;
2.3. 2.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar;
2.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
2.5. 2.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;
2.6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
2.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
2.8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün 2.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;
2.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);
2.10. hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;
2.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;
2.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;
2.13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.
2.14. Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

3. Xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları:

3.1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

3.2. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

3.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

3.4. Bu Qaydaların 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

4. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar.

4.1. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES) üzrə inzibati orqanın – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi CİTES İcazə/sertifikatına əsasən kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri (CİTES növləri), habelə dənizdən introduksiya.

4.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin) xüsusi icazəsi təqdim edilməklə, xidməti və mülki silah, həmçinin onların döyüş sursatları.

4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin qanunvericiliklə müəyyən edilmiş sənədləri əsasında heyvanlar, baytarlıq preparatları və ləvazimatları; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin qanunvericiliklə müəyyən edilmiş sənədləri əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr.

4.4. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

4.5. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi ixracın mümkünlüyü barədə mühafizə şəhadətnaməsini təqdim etməklə və onun tələblərinə riayət etməklə, mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar. (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-215-ci maddələrinə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanununa, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanununa, “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"na əsasən)

5 .1. Ölkə ərazisinə gətirilməsi qadağan olunmuş mallar:
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

5.2. Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:
- yuxarıda qeyd olunan ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar;
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- insan orqanları və (və ya) toxumaları;
- canlı heyvanlar;
- tezalışan maddələr;
- zəhərli və toksikoloji maddələr;
- bioloji və infeksion maddələr;
- civə, kimyəvi reaktivlər və turşular;
- tez xarab olan qida məhsulları;
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
- sikkələr, banknotlar və yol çekləri.

5 .3. Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar:
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, təbliğ və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyalarına aid materiallar;
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
- Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
- müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər;
- məlumat daşıyıcılarının məzmununun oxunması halı mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılmır;
- silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.

5.4. Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar:
- yuxarıda qeyd olunan ölkə ərazisindən aparılması qadağan olunan mallar;
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- insan orqanları və (və ya) toxumaları;
- canlı heyvanlar;
- tezalışan maddələr;
- zəhərli və toksikoloji maddələr;
- bioloji və infeksion maddələr;
- civə, kimyəvi reaktivlər və turşular;
- insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;
- tez xarab olan qida məhsulları;
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
- sikkələr, banknotlar və yol çekləri;
- təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
- odlu silah və onun döyüş sursatı;
- Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
- dövlət kəmiyyət vahidləri etalonları;
- Dövlət Arxiv Fondunun sənədləri.

5.5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə məhdudiyyət qoyulan mallar.
- hərbi silah və sursat istehsal etmək üçün avadanlıq;
- döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq;
- xidməti və mülki silah;
- kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri;
- ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar;
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq;
- qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq;
- partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar;
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar;
- narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq;
- gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr;
- radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər;
- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanlan olan hərbi və xüsusi geyim formaları;
- elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları;
- elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları;
- məsəafədən idarə edilən pilotsuz uçan aparatlar.

6. Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları

6.1. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir.

6.2. Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatına alınması qadağandır.

6.3. Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan və ya qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələrinin (tranzit qaydada keçən avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

6.4. Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.

6.5. Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.

6.6. Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir:
6.6.1. avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;
6.6.2. Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur;
6.6.3. avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;
6.6.4. avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;
6.6.5. xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır.

6.7. Bu qaydaların 6.6.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır. Bu qaydalarda göstərilən müddətlər bitənədək, avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident ölkə ərazisini tərk etdikdə də həmin bənddə nəzərdə tutulan şərtlərdən birinə əməl etməlidir.

6.8. Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6.9. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin 2 (iki) il müddətinə gömrük ərazisindən kənara müvəqqəti aparılmasına və ya qeydiyyatdan çıxarılması şərtilə daimi aparılmasına icazə verilir.

6.10. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən tranzit keçirilməsi və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına çatdırılması həmin avtonəqliyyat vasitələrinin digər şəxslərin istifadəsinə və ya sərəncamına verilməmək şərtilə 72 saat ərzində yerinə yetirilməlidir.

6.11. Gömrük ərazisinə 30 (otuz) gündən artıq müddətə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinə müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanlarının verilməsi nəqliyyat vasitələrinin geriyə qaytarılması barədə onun sahibinin öhdəçilik götürməsilə və müvafiq gömrük orqanı tərəfindən gömrük vəsiqəsi (müvafiq icazə sənədi) tərtib edilməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir.

7. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Qaydaları.

7.1. Fiziki şəxslər tərəfindən mülki silahların, onların döyüş sursatlarının Azərbaycan Respublikasına gətirilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti altı aydır.

7.2. Xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük ərazisinə rezidentlər tərəfindən gətirilə bilər.

7.3. Qeyri-rezidentlər tərəfindən mülki silah Azərbaycan Respublikasına yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada silah sərgisində və ya idman yarışlarında istifadə edilməsi və ov edilməsi məqsədilə müvəqqəti gətirilə bilər.

7.4. Xidməti və mülki silahlara dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi xüsusi icazə etibarnamə ilə başqa fiziki və ya hüquqi şəxsə verilə bilməz.

7.5. Qeyri-rezidentlər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xüsusi icazəsi əsasında alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxartmaq şərti ilə mülki silahları, onların döyüş sursatlarını əldə edəbilərlər. Alınan silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikasının ərazisindən aparılma müddəti pozularsa, həmin silah və döyüş sursatları müsadirə olunur.

8. Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları:

8.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətləri gömrük orqanına mütləq yazılı formada bəyan edilməlidir.

8.2. Milli mədəniyyət əmlakı olan sərvətlər Azərbaycan Respublikasının gömrük ərazisindən kənara, yalnız müvəqqəti sərgi, qastrol səfərləri, prezentasiya, bərpa işləri və beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi zamanı bir qayda olaraq il ərzində altı aydan çox olmamaq şərti ilə buraxılır.

8.3. Milli arxiv fonduna daxil olan sənədlərin orijinalları və ya onları əvəz edən nüsxələri müəyyən olunmuş qaydada ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilər. 8.4. Azərbaycan Respublikasının gömrük sərhədindən mədəniyyət sərvətlərini müvəqqəti keçirən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gömrük orqanına onların geri qaytarılması haqqında öhdəlik təqdim etməlidir.