Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq  Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az elektron portalı vasitəsilə aparılacaq. Bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq. Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək. Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər. Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır. Təhsilalanların elektron qəbulu prosesində ən vacib məqam rəqəmsallaşma, ölkədaxili informasiya sistemləri ilə inteqrasiya və əlçatan xidmət tələblərinə cavab verməkdir. Eyni zamanda Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin vahid portal my.culture.az üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.    Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi vasitəsilə əldə edə bilərsiniz. ..
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublarAprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Mədəniyyət naziri Adil Kərimli görülən işlər barədə dövlət başçılarına məlumat verdi. Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, Mehdiqulu xanın məqbərəsi, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı erməni vəhşiliyinin canlı şahididir. Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Həmçinin 2022-ci il oktyabrın 4-də XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpadan sonra açılışı olub. İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Sonra dövlət başçıları Qarabağ atlarına baxdılar. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi. ..
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilibAprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar. Mədəniyyət naziri Adil Kərimli qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “Dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafına münbit zəmin yaradıb. Dövlət başçılarımızın bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək“.  Nazir deyib ki, Azərbaycan xalqı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova böyük ehtiramla yanaşıb. Bu gün dövlət başçılarımızın iştirakı ilə Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılışının keçirilməsi iki ölkə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin parlaq təzahürüdür. “Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinə hazırlıq görülür. İnanıram ki, bu tədbirlər iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlıqda yeni səhifələrin açılmasına şərait yaradacaq“, - deyə nazir bildirib. Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxışında mədəniyyətin bizə ata-babalarımızdan miras qaldığını deyib, onun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Qırğız və Azərbaycan mədəni əlaqələrinin mövcud vəziyyəti əməkdaşlığın gələcəyinə optimist baxmağa əsas verir. Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycanın, həm də Qırğızıstanın geniş imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxın edəcək. Sonda bir daha səmimi qarşılanmaya, yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümü bildirirəm“. Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub.  Konsertdə Qırğızıstanın Xalq artisti Azamat Bolqonbayev, Əməkdar artistlər Samat Koçorbayev, Elnurə Muktarbekqızı, Gülzinət Surançiyeva, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının artistləri Atabek Sadırkulov və Dayana Kıdırəliyeva, həmçinin “Muras” Folklor-Etnoqrafik Ansamblı, Nurdin Tuqolov adına “Ak-Maral” Dövlət Rəqs Ansamblı, Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının Çoro Kojomjarov adına Estrada-Simfonik Orkestri və başqaları çıxış ediblər. Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Qeyd edək ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq. ..
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblərAprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi: - Möhtərəm Sadır Nurqojoyeviç. Hörmətli qonaqlar, əziz dostlar. Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim. Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik. Mən Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istərdim. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram. Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun. x x x Qırğızıstan Prezidenti Sadır Japarov dedi: - Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni – öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq. Qırğızıstan adından Azərbaycan Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümü bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir. Möhtərəm İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur. Möhtərəm İlham Heydər oğlu, Çingiz Aytmatovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Fərmanınıza əsasən, Çingiz Aytmatov ilk dəfə 2008-ci il fevralın 25-də yüksək “Dostluq” ordeni ilə təltif edilib. Çingiz Torekuloviç, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərinə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin mənası barədə düşünməyə vadar edən əsl söz dahisi idi. Onun “Cəmilə”, “Ağ gəmi” kimi əsərləri təkcə öz gözəlliyi və müdrikliyi ilə diqqəti cəlb etmir, həm də bizi onun böyük yaradıcılıq istedadına heyran qoyur. Bu abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirdiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir. İkitərəfli münasibətlər nöqteyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, “Manas” dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızıstan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşdığımız abidə hər kəsin böyük yazıçı ilə təmasda ola biləcəyi, xatirəsini ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hər kəsə insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın. İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş hər kəsə dərin minnətdarlığımı bildirim. Qoy, bu abidə Çingiz Aytmatovun öz yaradıcılığında çox gözəl əks etdirdiyi dəyərlər ətrafındakı birliyimizin və əbədi bağlılığımızın rəmzi olsun. Bir daha Azərbaycan tərəfinə səmimi-qəlbdən təşəkkürümü bildirmək və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm. x x x Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürdülər. Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub. Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb. Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. x x x Sonra dövlət başçıları Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər. Sonda xatirə şəkli çəkdirildi. ..
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıbXəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 24-də Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisinin açılışı olub. Əvvəlcə sərgi haqqında məlumat verilib. Qeyd olunub ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir.  Muzeyin çoxsaylı kolleksiyaları arasında erkən köçəri mədəniyyəti - sak (e.ə.VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri maraq doğurur. Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilir. Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir. Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib. Bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri - şair-filosof Yusif Balasaqunlu, ensiklopedist alim Mahmud Kaşğari və dünya ədəbiyyatının klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir. Diqqətə çatdırılıb ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim dövr sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərli töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır. Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar. Sonda Qırğızısıtanın istedadlı rəssamı, modelyer-dizayner Dilbər Aşımbayevanın etno-model kolleksiyası təqdim edilib. Sərgi və geyim kolleksiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. ..
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb23-26 aprel tarixlərində ölkəmizdə ilk dəfə Qırğız Mədəniyyəti Günləri keçirilir. Aprelin 23-də Nizami Kino Mərkəzində tədbirlər silsiləsindən ilki – Qırğız kinosu günlərinin açılış mərasimi olub. Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və qırğız xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb. Qeyd edib ki, Türk dünyası ailəsinin üzvləri kimi xalqlarımızı həm də mədəniyyət yaxınlaşdırır. İki ölkə kinematoqrafçılarının əlaqələrindən bəhs edən nazir müavini bildirib ki, 2023-cü ildə Bakıda keçirilən III “Korkut Ata” film festivalında Qırğızıstanın “Tanrıverdi” filmi “Ən yaxşı rejissor” nominasiyasında qalib olub: “Son illərdə qırğız kinematoqrafiyası inkişaf edir, beynəlxalq festivallarda uğur qazanır. Ümid edirik ki, dost ölkənin kino xadimlərinin Bakıya budəfəki gəlişi, filmlərinin nümayişi bu sahədə əməkdaşlığa da öz töhfəsini verəcək”. Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev iki ölkə arasında mədəni humanitar sahədə əməkdaşlıqda kinonun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, kino günlərinin proqramına müasir qırğız rejissorlarının filmləri daxildir. Bu da Azərbaycan tamaşaçısını Qırğızıstanın müasir düşüncəsi ilə tanış etmək baxımından əhəmiyyətlidir. Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev də xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Sonra rejissor Ruslan Akunun “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub. Qeyd edək ki, Bakıda nümayiş üçün “Qırğızfilm” kinostudiyasının daha bir yeni ekran işi – rejissor Tınçtık Abilkasımovun “Xəta#404” filmi də gətirilib. Hər iki ekran əsəri Nizami Kino Mərkəzində bir neçə seansda (23-25 aprel) nümayiş olunur. Filmlərə baxış ödənişsizdir. Nizami Kino Mərkəzində qırğız kinematoqrafiyasına həsr edilmiş fotosərgi də açılıb. Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi də planlaşdırılır. ..
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşübXəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə Azərbaycana səfərə gəlib. Aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib. Nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq. Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq. Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib. Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ..
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edibMədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib. Tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri iştirak edib. Tədbir iştirakçıları öncə kitabxana ilə yaxından tanış olub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş bilgi verib, uşaqların oxu mədəniyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və gələcək nəsillərə bu gələnəyimizi doğru-düzgün şəkildə ötürməkdir”. Tədbirin aparıcısı – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və  digər çıxışçılar müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. Çağdaş uşaq ədbiyyatının janr problemlərindən söz açılıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərə toxunulub. İştirakçılar bu istiqamətdə müxtəlif təşəbbüs və təkliflərlə çıxış ediblər. ..
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunurMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsinə ziyarət təşkil edilib. Dünya əhəmiyyətli memarlıq abidəsi olan Ramana qəsrində keçirilən tədbirə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ictimaiyyət nümayəndələri və orta məktəb şagirdləri qatılıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkəmizdə də hər il bu tarixdə abidələrdə və tarixi məkanlarda mədəni irsin təbliği məqsədilə müxtəlif maarifləndirici aksiyalar keçirilir. Bu ilki tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Qeyd edib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsində tədbirlər təşkil edilib. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Tədbirdə şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Qeyd edək ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. ..