Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4808

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib

Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirildi. “Park Inn” hotelində keçirilən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov iştirakçıları salamlayaraq məlumat verdi ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.

Hesabatlara başlamazdan əvvəl iştirakçılara Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş etdirildi.

Videoçarxın nümayişindən sonra hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

ATXİ İdarə heyətinin sədri Azər Paşa Nemətovun təklifi ilə 3 nəfərdən ibarət mandat komissiyası seçildi.

İclası aparmaq üçün professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə sədr seçildi.

Sonra Teatr Xadimləri İttifaqının Azər Paşa Nemətov hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs etdi, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini dedi. Vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir.

Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə məlumat verildi. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil edildiyi diqqətə çatdırıldı: “Bununla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”.

Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verdi.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov hesabat verdi. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer almışdı.

Ardınca Mandat komissiyasının məlumatı dinlənildi.

İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının əhəmiyyəti qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunu vurğuladı. Sonra çıxış üçün söz Mədəniyyət naziri Əbülfəs Qarayevə verildi.

Nazir öncə konfrans iştirakçılarını ölkəmizin bütün mədəniyyət işçiləri adından salamladı.

Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu deyən nazir teatrlarımızın yaradıcılıq fəaliyyətinin, beynəlxalq əlaqələrinin genişlənməsinin də diqqətdə saxlanıldığını vurğuladı, ötən son ildə müvafiq dövlət  proqramının necə yerinə yetirildiyi barədə geniş danışdı. Bildirdi ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünməliyik: peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq,  eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramda əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır.  “Teatr cəmiyyətin aynasına çevrilməlidir” deyən nazir Əbülfəz Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başladı.

Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, ADMİU-nun kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissor-aktyoru Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, ADMİU-nun dosenti , Əməkdar artist Azad Şükürov, Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova, ATXİ Gənclər bölməsinin rəhbəri, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə heyəti sədrinin fəaliyyətini müsbət, təşrif komissiyasının işini məqbul qiymətləndirdilər.

Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası heyəti ilə bağlı səsvermə keçirildi. 

Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçildi.

Sonra təftiş komissiyası əvvəlki heyətdə təsdiq edildi.

ATXİ İdarə heyətinin sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirdi: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”.

Hacı İsmayılov və Rafiq Əliyev sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçildilər.

Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Nurəddin Mehdixanlı, Teatr Xadimləri İttifaqının bəyannaməsini İdarə heyətinin üzvü Hacı İsmayılov oxudu.

Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırdı.

XƏBƏRLƏR

15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb