"Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının Rusiyadan gəlmiş iştirakçıları mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları, muzeyləri ilə tanış olublar.
Qonaqlar yanvarın 25-də Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Tanışlıq zamanı məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub.
Qeyd edilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrin sonlarında yanaşı inşa edilən iki tarixi binada yerləşir. 1891-1893-ci illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. Prezident İlham Əliyevin sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. Vaxtilə "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ildə istifadəyə verilib. 2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi" adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib.
Muzeyin iki tarixi memarlıq abidəsini birləşdirən müasir üçüncü (keçid) korpusu 2013-cü ildə istifadəyə verilib. Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həmdə texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib, ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. 18 mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda 2 mindən çox eksponat saxlanılır. Vurğulanıb ki, ziyarətçilər burada dünya mədəniyyətinin bir sıra örnəkləri ilə də tanış olmaq imkanı əldə edirlər.
Qonaqlar muzeyə baxışı “Azərbaycan incəsənəti” bölməsindən başlayıblar, burada Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Tahir Salahov və digər rəssamların əsərləri ilə tanış olublar. Sonra konfrans iştirakçıları “Azərbaycan incəsənəti minilliklər boyu” bölməsində olublar. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.