Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
574

Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb

Fevralın 18-də Azərbaycanın görkəmli bəstəkarlarından biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Açılış mərasimində dövlət və hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu, akademik Rafael Hüseynov, Xalq yazıçısı Anar Rzayev və istefada olan polis general-mayoru Kamil Məmmədov çıxış edərək Vasif Adıgözəlovla bağlı xatirələrini bölüşüb, bəstəkarın keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər.

Bildiriblər ki, Vasif Adıgözəlov Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı heç vaxt unutmayıb. Atası Zülfi Adıgözəlov əslən Qarabağdan idi. Şuşanın, daha sonra bütün Qarabağın ermənilər tərəfindən işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Təsadüfi deyil ki, ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam laylay” əsərləri, üzərində sərasər on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı. Bu gün bəstəkarın ölməz əsərləri hələ də erməni əsirliyində qalan Qarabağ dərdini və harayını bütün dünyaya yayır.

Vasif Adıgözəlov musiqisi, eyni zamanda, Azərbaycan xalqının milli qürurundan yoğurulub. Bu qürur millət və vətən sevgisindən, müstəqil dövlətçilikdən, əsil-nəcabətdən, yüksək ziyalılıqdan və əlbəttə ki, şəxsiyyətin arxasında istedadla bərabər dayanan özünəinamından irəli gəlir.

Diqqətə çatdırılıb ki, bəstəkarın yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq - evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərinin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 “Konsert”in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

Vurğulanıb ki, bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915” oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə “Çanaqqala-1915” qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib. İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası”, “Ana” kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Sonda Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək dövlət başçısına atasının yaradıcılığına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, görkəmli bəstəkarımızın anadan olmasının 80 illiyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub. Bu, Vasif müəllimin sənətinə verilən yüksək qiymətin, ona olan sonsuz sevginin təcəssümüdür.

Tədbirin iştirakçılarına və təşkilatçılarına bir daha təşəkkürünü ifadə edən Y.Adıgözəlov atası barədə xatirələrini bölüşüb.

Sonra müəllifi heykəltəraş Aslan Rüstəmov olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb