Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
417

Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkar edilmiş və onun surəti əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

Qeyd edək ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. kimi tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkarlanaraq ilkin tədqiqata cəlb edilmişdir. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də yer alır.

Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan əlyazma Azərbaycanın böyük dövlət və hərb xadimi, eyni zamanda da anadilli şerimizin ən gözəl nümunələrini yaratmış Şah İsmayıl Xətainin türkcə “Divan”ının ən unikal nüsxəsidir. Xətainin anadilli “Divan”ının bundan başqa Britaniya Muzeyində və İran İslam Respublikasında da nüsxələri qorunmaqdadır.

Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə edilmişdir.

Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi isə h. 942-ci il (m.1535) kimi qeyd edilmişdir. Katibi Mahmud Nişaburidir. Əlyazma incə nəstəliq xətti ilə Şərq kağızına yazılıb. Əlyazmanın ölçüsü 23,5x14,5 sm, həcmi isə 84 vərəqdir. Əlyazmanın 1b-2b səhifələri boşdur. Bu səhifələrin ətrafı və “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib. Mətn qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə yazılıb. Əlyazmanın səhifələrinə qızılı mürəkkəb çilənərək “Zərəfşan” adlanan üsulla bəzədilib. Bu da nəfis tərtib olunmuş əlyazmaya xüsusi gözəllik verir. Hər səhifənin çərçivəsinin künclərində və sağ-sol tərəfdən kənarlarında zərif təhzib elementləri var. Əlyazmanın cildi qəhvəyi dəridəndir. Cildin üzərində qızılı zəncirək naxışlar vardır. Ümumilikdə əlyazma Klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif, nəfis incilərindəndir.

Əlyazma mətni iki hissədən ibarətdir və ənənəvi olaraq bəsmələ ilə başlayır  (2b). Ümumilikdə mətn içiçə olan iki çərçivədə yerləşdirilib. Birinci kiçik olan çərçivədə verilmiş şeirlər üfiqi xətt üzrə iki sütunda, kiçik çərçivənin kənarında verilmiş mətn isə çəpəki vəziyyətdə bir sütunda verilmişdir ki, bu da əlyazmaya ənənəvi divan tərtibatında mürəkkəb xüsusiyyət vermişdir. Əlyazmanın 2a-3a səhifələrində 3 nət vardır. 3a-13b səhifələrində isə mənqibələr yer almışdır. Əlyazmanın 13b-83a səhifələrində Xətaiyə aid qəzəllər, 83a-84a səhifələrində isə rübailər yer alır.

Əlyazmanın ilk səhifəsində (2b) yer alan və “Baismi-alihü fərdi-yəzdan, Rəhmani-rəhim və həyyi-sübhan” beyti ilə başlayan  “Dəhnamə” məsnəvisi mavi mürəkkəblə verilmiş “Tövhidi-Həqqi-Sübhani-Təla” qeydindən sonra 2a səhifəsində davam edir. 2a səhifəsinin ortasında olan qızılı mürəkkəblə haşiyələnmiş çərçivədə isə qızılı mürəkkəblə verilmiş “Fi nət ən-nəbi əleyh-əs-səlam” qeydindən sonra Hz. Məhəmmədə (s) həsr olunmuş  “Ey ki, yоxdan bu cəhanı var idən pərvərdigar, Yeri qaim, gögləri dəvvar idən pərvərdigar” beyti ilə başlayan nət verilmişdir. Bunun ardınca növbəti 3b səhifəsində mavi mürəkkəblə “iza fin-nət” qeydindən sonra daha bir nət verilmiş və bu qəsidə də 3aa səhifəsini əhatə etmişdir. Burada bir məsələni qeyd etmək lazımdır ki, əlyazma nüsxəsinin vərəqləri müasir səhifələnmə üsuli ilə səhifələnərkən 2a,2b,3a,3b səhifələrindən sonra yanlışlıqla yenidən 3 rəqəmi təkrarən yazılmışdır. Bu sıralamanı düzəltmək imkanımız olmadığı üçün biz təkrar verilmiş 3a və 3b səhifələrini xüsusi olaraq 3aa və 3bb şərti işarələri ilə qeyd edirik.

Əlyazmanın 3aa səhifısində qızılı mürəkkəblə verilmiş “Fi mənqibəyi-əmir-əl-möminin Əli əleyhəssalam” qeydindən sonra “Şahi ki, cəhanın əfzəlidir, Allah tək ali, anın alidir” beyti ilə başlayan mənqəbat gəlir. Mənqibənin mətni qara mürəkkəblə verilsə də “Allah, Əli, Məhəmməd” kəlmələri mavi və qızılı mürəkkəblərlə verilmişdir. Qeyd olunduğu kimi mənqibə əlyazmanın 3aa-14b səhifələrini əhatə edir. Əlyazmanın 7b səhifəsindən başlayaraq kənar çərçivədə “Şahi ki, cəhanın əfzəlidir, Allahının əli anın əlidir” beyti ilə başlayan mürəbbe gəlir. Bu mürəbbe əlyazmanın 9b səhifəsinə qədər davam edir. Bundan sonra isə “Fi zikri əsmaül-müyəssə bər həqq” qeydi ilə başqa bir nət başlayır. Bundan sonra isə “Sifəti-gülşənü-bəhar” qeydi ilə təbiətin vəsfi verilmişdir. Bu şeirdın sonra isə “Dər zikri-ünvani-aşiq və hali-xod” qeydi ilə bir qəsidə gəlir (12a-14a). Bundan sonra isə kənar çərçivədə “Şeir berəsmi-şikayəti-dil” başlıqlı bir qəzəl yer alır. Bu qəzəldən sonra isə mavi mürəkkəblə verilmiş “Məsnəvi” qeydindən sonra uzun bir məsnəvi başlayır. Məsnəvi özü isə bir neçə hekayətdən ibarətdir ki, bu hekayələrin başlanğıcları mavi mürəkkəblə qeyd edilmişdir. Birinci məsnəvi əlyazmanın 15b-43a səhifələrini əhatə edir. Əlyazmanın 44b səhifəsindən isə növbəti məsnəvi başlayır. İkinci məsnəvi isə əlyazmanın 44b-72b səhifələrini əhatə edir. Əlyazmanın 72a səhifəsində isə “Be səbəbi-təlif” (Əsərin yazılma səbəbi—K.M.) verilmişdir.

Əlyazmanın 14b səhifəsindən isə mavi mürəkkıblə verilmiş “fil-qəzəliyyat” qeydindən sonra Xətainin qəzəlləri başlayır. Qəzəllər əlyazmanın 14a-83b səhifələrini əhatə edir. Burada Xətainin ümumilikdə 239 qəzəli və 10 tuyuğu yer alır.

Sonda qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın bir zamanda transfoneliterasiya edilərək fotokafsimileli nəşr ediləcək və rəsmi surətdə  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcəkdir.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq