Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
648

Bu gün görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 98 il ötür.

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Bəstəkarın maraqlı operettalarından biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə – bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi–ictimai qayəli operetta yaratmağa nail olub.

Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.

Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilib. 1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb.

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işləyərkən R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazıb. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra “Alov” və “Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə edib.

R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın Mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. İnanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaq. Çünki onun yaradıcılığı ölməzdir.

XƏBƏRLƏR

22.01.2021 17:56
“Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılışı keçirildi
22.01.2021 13:34
“Qorqudnamə” kitabının təqdimat mərasimi keçirilib
21.01.2021 16:36
Şəhid ailələrinə və qazilərə qayğı göstərilir
21.01.2021 11:44
Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsinin qalibləri müəyyənləşdi
19.01.2021 20:57
Mədəniyyət naziri türk dünyası təşkilatlarının nümayəndə heyəti ilə görüşüb
18.01.2021 16:20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edir!
15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilib
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
08.01.2021 18:13
“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
08.01.2021 10:08
Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
07.01.2021 19:39
Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
06.01.2021 17:27
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05.01.2021 12:38
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2020 18:12
"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi
29.12.2020 17:27
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub
29.12.2020 14:34
Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib
28.12.2020 09:30
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
25.12.2020 18:55
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi
24.12.2020 14:07
Mədəniyyət Nazirliyində kadr təyinatı
23.12.2020 16:34
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir
22.12.2020 17:54
Görkəmli rejissor və kinodramaturq Həsən Seyidbəylinin xatirəsi anılıb
22.12.2020 15:04
Şəhid mədəniyyət işçilərini ehtiramla anırıq!
22.12.2020 13:02
Xalq artisti Sabir Əliyev dünyasını dəyişib
22.12.2020 11:20
Xalq artisti Səfurə İbrahimova vəfat edib