18 sentyabr Azərbaycan musiqi mədəniyyətinin və elminin dühalarından olan Üzeyir Hacıbəylinin doğum günüdür. Artıq 12 ildir ki, bu gündən etibarən Üzeyir bəyin adını daşıyan uzunmüddətli Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il də 18-24 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə festival baş tutdu.
Festivalın ilk günü Üzeyir bəyin Fəxri Xiyabanda məzarı ziyarət olundu. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında görüşlər keçirildi. Açılış günü tədbirdə Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, respublikanın Xalq artistləri BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, AMK-nın rektoru professor Səyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və başqaları iştirak etdilər.
Festivalın ilk simfonik konserti Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin işltirakı ilə baş tutdu. Orkestrin dirijoru respublikanın Xalq artisti Rauf Abdullayev, pianoçu, əməkdar artisti Murad Adıgözəlzadə idi.
Orkestrin ifasında Azərbaycan musiqi klassikasının inciləri - Ü.Hacıbəylinin “Koroğlu” operasına uvertüra , Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndi.