XIII Beynəlxalq Musiqi Festivalına Cüzeppe Verdinin ölməz lirik faciəsi olan “Traviata” təntənəli yekun vurdu. 24 sentyabr M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının səhnəsində tanınmış musiqi xadimlərinin və opera müğənnilərinin iştirakilə dünya opera sənətinin incilərindən biri ifa edildi.
Oğul Aleksandr Dümanın faciəsi əsasında bəstələnmiş “Traviata” operası Cüzeppe Verdinin sevilən məşhur əsərlərindəndir. Violettanın saf və insanpərvər daxili aləmi, operanın həzin psixoloji və dramatik səhnələri, zərif vals ritmli və kübar ruhlu musiqisi dinləyicilərin sevgi və rəğbətini qazanıb.
Tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti, professor Cənnət Səlimova, dirijoru əməkdar artist Əyyub Quliyev, baletmeyster Yulana Əlikişizadədir. Baş rollarda Polşa opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı İvona Sobotka (Violetta), respublikanın Xalq artistləri Samir Cəfərov (Alfred), Əli Əsgərov (Markiz d’Obinyi), Əməkdar artistlər - Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), çıxış etdilər. Tamaşada opera səhnəsində debüt çıxışı olan gənc opera müğənnisi Mahir Tağızadə (Baron Dyufol) də ifası ilə tamaşaçıların zövqünü oxşadı.
Beləliklə, Ü.Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı öz əlamətdar hadisələri və konsertlərinə görə, tanınmış yerli və əcnəbi sənətkarların yenidən bir məkana, eyni səhnəyə topladığına görə əlamətdar musiqi bayramı kimi yadda qaldı. Dahi Üzeyir bəyin timsalında bir çox ziyalı şəxsiyyətlərimizin, istedadların vətəni olan Qarabağ və Şuşada doğma xalqının qələbə çalıb, tarixi ədaləti bərpa edən əlamətdar zamanda onun adını daşıyan Musiqi Bayramı nəhayət ki, baş tutdu