Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1133

“Nizamini oxuyaq” kitab-albomu və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində TÜRKSOY-un nəşr etdiyi "Nizamini oxuyaq" ("Reading Nizami Ganjavi") və Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirildi.

Beynəlxalq Nizami Gəncəvi Festivalı çərçivəsində Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkil etdiyi tədbirdə əvvəlcə qonaqlar Muğam Mərkəzinin foyesində “Nizami əlyazmaları dünya kitabxanalarında” adlı sərgi ilə tanış oldular.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Prezidentinin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışdı. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir dedi: “Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra Türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, necə hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır”.

“Nizami ili” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən söz açan nazir əlamətdar ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalının təşkil edildiyini bildirdi: “Noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür. Cənab Düsen Kaseinovun rəhbərliyi ilə təşkilat Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd edilməsi və təbliğində yaxından iştirak edir”.

Milli Kitabxananın “Nizami ili” çərçivəsində reallaşdırdığı layihələrdən də söz açan nazir bu günlərdə Prezident İlham Əliyev tərəfindən kitabxananın direktoru, professor Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladığını bildirdi. Anar Kərimov həm dövlət təltifi, həm də 70 illik yubileyi ilə münasibətilə Kərim Tahirova təbriklərini çatdırdı.

Nazir daha sonra kitab-albomun və biblioqrafiyanın  nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirdi.

* * *

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov əlamətdar il çərçivəsində Türkiyədə bir çox tədbirlərin, elmi konfransların, musiqili proqramların təşkil edildiyini söylədi. O, “Nizami Gəncəvi İli” çərçivəsində ilk beynəlxalq tədbirin Ankarada TÜRKSOY Baş Katibliyində təşkil edilməsindən qürur duyduqlarını dilə gətirdi. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində Türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, “Nizamini oxuyaq” kitab-albomunda Türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təqdimatı keçirilən nəşrlərin “Nizami ili”nə gözəl bir töhfə olduğunu dedi. Qeyd etdi ki, Azərbaycanda və dünyada kifayət qədər tanınan, böyük şöhrət qazanan Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var: “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renessansı” və s. kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi dönəmdə daha çox aktuallıq kəsb edir. Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi N.Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır”.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğuladı. Bildirdi ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb və bu şərəfli missiyanı hazırda da uğurla davam etdirir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin onun əməyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşdü. Vurğuladı ki, təqdimatı keçirilən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi 78-ci buraxılışdır.

Çıxışlardan sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazasını təqdim etdi. Vurğulandı ki, bu əlyazmalar sırasında ən unikal nümunələr İngiltərə kitabxanalarından əldə ediləndir. 316 vərəq və 17 miniatürdən ibarət əlyazmanın nümunəsi Milli Kitabxana üçün çap olunub. Bu əlyazma I Şah Təhmasibin sifarişi ilə hazırlanıb. Əlyazmalar sırasında Türkiyə,  İran, Berlin kitabxanalarının nümunələri də yer alır.

* * *

Tədbirdə həmçinin TÜRKSOY-un “Nizami Gəncəvi İli” münasibətilə təsis etdiyi “Nizami” medalının da təqdimatı oldu. Baş katib D.Kaseinov “Nizami Gəncəvi İli”nə səmərəli fəaliyyət və töhfələrinə görə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə medalları təqdim etdi.

Təqdimat Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı ilə davam etdi. Proqramda Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü, 44 günlük Vətən müharibəsinin iştirakçısı Atəş Qaranın ifaları təqdim olundu. Konsertə ilk dəfə olaraq respublika və beynəlxalq müsabiqələr laureatı, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin Nizaminin “Ay üzlü nigarım” qəzəlinə bəstələdiyi romans da təqdim edildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb