Mədəniyyət naziri Əbülfəs Qarayev ilə “Evropa Nostra” təşkilatının baş katibi arasında görüş keçirildi
İyulun 4-də Ümumdünya İrs Komitəsinin sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ilə “Evropa Nostra” - Avropada Mədəni İrsin Qorunması üzrə Təşkilatın baş katibi Sneşka Kaedvlieq Mixayloviç arasında görüş keçirildi.
Əbülfəs Qarayev UNESKO-nun bu mötəbər tədbirində iştirakına görə qonağa təşəkkürünü bildirdi, ölkəmizin mədəni zənginliklərindən söz açdı.
S.K.Mixayloviç səmimi qəbula görə təşəkkür edərək təşkilatın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, 2002-ci ildə Avropa Birliyi tərəfindən yaradılan qurum mədəni irsin araşdırılması ilə məşğul olur. Hər il baş katibliyin mükafatlandırma mərasimi keçirilir. Bu il növbəti mükafatlandırma oktyabr ayında Parisdə təşkil olunacaq. Qonaq Azərbaycanı bu mərasimdə iştiraka dəvət etdi. Bildirdi ki, Azərbaycan öz zəngin mədəni irsi ilə bu sahədə ən yüksək nominasiyalara layiqdir. Nazir qonağa təklifinə görə təşəkkür edərək diqqətə çatdırdı ki, Azərbaycanın mədəni irsi ilə bağlı nazirlik tərəfindən innovativ proqramlar həyata keçirilir. Əbülfəs Qarayev Avropa İttifaqı ilə birgə həyata keçirilmiş Tvinninq layihəsi ilə bağlı məlumat verdi. Mədəni irs sahəsində görülən işlər, gənclərin mədəni irsin qorunması sahəsinə cəlb olunması ilə bağlı layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı.
Daha sonra qonaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ilə bağlı fikirlərini bölüşdü. Bu platformanın beynəlxalq miqyasda böyük rəğbət doğurduğunu vurğuladı.
Görüş zamanı təşkilatla əməkdaşlıq məsələləri müzakirə edildi. Mədəni irsin araşdırılması və Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıldı.