Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
689

ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqisevərlər klubu” mütəmadi olaraq maraqlı tədbirlərin, sənət görüşlərinin təşəbbüskarı olur.
Avqustun 7-də muzeyin filialı olan Niyazinin ev muzeyində keçirilən növbəti tədbir də yaddaqalan oldu. Görüşün qonağı ABŞ-da yaşayan soydaşımız, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova idi. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçıları salamlayaraq söylədi ki, muzeylər üçün yay tətili anlayışı yoxdur.

Elə paytaxt əhalisinin əksəriyyətinin istirahətdə və şəhərdən kənarda olmasına baxmayaraq, maestronun ev-muzeyinə xeyli musiqisevər toplaşmışdı. Alla Bayramova görüşün səbəbkarını toplaşanlara təqdim edərək bildirdi ki, Nərgiz Əliyarova hazırda Nyu-York şəhərində də öz ifaçılıq və pedaqoji fəaliyyətini davam etdirir, Azərbaycan musiqisi və mədəniyyətinin təbliği ilə məşğul olur.
Sonra Nərgiz Əliyarovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək Nərgiz Əliyarovanın həyat və yaradıcılığı barədə danışdı. Onun ilk dəfə 9 yaşında böyük səhnədə çıxış etməsi, ifaçılıq fəaliyyəti ilə yanaşı sənətşünas kimi elmi araşdırmalar aparması, beynəlxalq aləmdə Azərbaycan ifaçılıq məktəbini layiqincə təmsil etməsindən bəhs olundu.
Sonra Nərgiz Əliyarova görüşə görə təşəkkür edərək Niyazi ilə bağlı xatirəsini danışdı. Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, Niyazinin idarəsi ilə 15 yaşındakı ilk çıxışını hələ də yaradıcılıq karyerasının ən işıqlı məqamı kimi qeyd etdi.
Gözəl pianoçu olmaqla yanaşı, həm də maraqlı həmsöhbət olan Nərgiz Əliyarova ABŞ-dakı fəaliyyətindən də söz açdı: “Nyu-Yorka gedəndən iki ay sonra anladım ki, burada mənə heç kim yol göstərməyəcək və kömək etməyəcək. Hər işi sıfırdan və özüm başlamalıyam. “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin təməli belə qoyuldu. ABŞ-da yaşayan sənətçi dostlarımla birləşib bu işə başladıq.
Bilirsiniz, sıravi amerikalılar Azərbaycanı o qədər də yaxşı tanımırlar və ümumiyyətlə, coğrafiyanı pis bilirlər. Bakı, Xəzər, neft kəlmələri də Azərbaycanı tanıtmağa kifayət etmir. Yalnız Rusiya ilə İran arasında ölkə dedikdə təəssürat yaratmaq olur. Lakin konsertlərimizdə Azərbaycan musiqisini dinlədikdən sonra onlar ölkəmizlə maraqlanmağa başlayırlar. Mən konsertlərdə çıxış edərkən çalışıram ki, ifadan əvvəl tamaşaçılara mütləq Azərbaycan barədə ingilis dilində məlumat verim. Bir sıra tədbirlərimizi keçirməkdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Diasporla iş üzrə Dövlət Komitəsi də bizə dəstək olur və buna görə minnətdaram”.
Nərgiz Əliyarovanın tələbəlik rəfiqələri – musiqişünas Səadət Səfərova, tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova isə konservatoriyada təhsil aldıqları, eyni kafedrada çalışdıqları zamanlar, həmin illərlə bağlı maraqlı məqamları və xatirələrini bölüşdülər. Nərgiz xanım da Nyu- Yorkda Bakı, Xəzər üçün, buradakı dostlar çox darıxdığını etiraf etdi: “Darıxsam da, düşünürəm ki, mən orada Azərbaycan üçün daha faydalı işlər görürəm. Bakıda Azərbaycan musiqisini ifa etmək yaxşıdır. Amma Birləşmiş Ştatlarda bizim milli bəstəkarlıq məktəbini tanıtmaq, təbliğ etmək artıq bir missiyadır. Mən orada çoxdan mühacirət etmiş Azərbaycan sənətçiləri ilə ünsiyyət qurmuşam. Onlar haqqında Bakıda nəşr olunan dərgilər üçün yazılar hazırlayır, müsahibələr alıram.
Yaxın zamanlarda cəmiyyətimizin digər ştatlarda şöbələrini yaratmaq fikrindəyik. Sevinirəm ki, bizim konsertlərə gələn, Azərbaycan mədəniyyəti ilə ünsiyyət quran nə qədər insan ölkəmizlə maraqlanır. Təxminən iyirmi nəfər şəxsən mənim özümə Azərbaycana səfər etməyi planlaşdırdığını deyib. Kiçik də olsa, bu, bizim uğurumuzdur”.
Nərgiz xanım söhbətlərin arasında F.Şopenin fortepiano musiqisindən seçmələri və Q.Qarayevin “Yeddi gözəl” baletindən Gözəllər gözəlinin adajiosunu ifa etdi.
Görüşün sonunda Alla Bayramova qonağa Qara Qarayevin Bakı, Moskva və Leninqrad şəhərlərində teatrlarda səhnələşdirilmiş tamaşalara yazdığı musiqilərdən ibarət 2 cildlik not kitabını hədiyyə etdi. Üstəlik, hər kitabdan iki nüsxə verərək, “biri - şəxsən sizin, biri də tələbələrinizin” deyə vurğuladı. Bu hədiyyədən çox məmnun olduğunu deyən Nərgiz Əliyarova da öz disklərini muzeyə bağışladı.

Sonda “Klassik musiqisevərlər klubu”nun üzvləri qonaqla birlikdə xatirə şəkli çəkdirdilər.

XƏBƏRLƏR

22.10.2019 17:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22.10.2019 17:10
Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.10.2019 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22.10.2019 12:36
Azərbaycan Milli İncəsənət Muzeyində yeni layihənin təqdimatı olacaq
22.10.2019 10:43
Füzuli Dövlət Dram Teatrının baş rejissoru Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb
21.10.2019 12:09
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Gürcüstanda qeyd olunub
21.10.2019 10:50
“Daha çox caz, daha çox intellekt” şüarı ilə Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir
21.10.2019 09:47
İncəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir
21.10.2019 09:25
Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq
21.10.2019 09:21
“Mən ağacam” tamaşası maraqla qarşılanıb
21.10.2019 09:15
Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır
21.10.2019 08:55
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019 17:22
Bakı şəhərində “Ustad dərslər” layihəsi həyata keçirilib
18.10.2019 17:20
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb
18.10.2019 16:31
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Daşkənddə özbək dilində işıq üzü görüb
18.10.2019 14:21
Yaradıcı əməyə verilən qiymət
18.10.2019 12:49
Almaniyada İmaddədin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib
18.10.2019 10:28
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edəcək
18.10.2019 09:42
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib
18.10.2019 09:19
Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
18.10.2019 09:15
Muğam Mərkəzində “Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti olub
18.10.2019 09:10
Musiqili Teatr beynəlxalq festivalda uğurla iştirak edib
17.10.2019 16:34
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17.10.2019 16:07
“Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti maraqla qarşılanıb
17.10.2019 13:55
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i