Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4586

“Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb

Yanvarın 14-də Bakının yeni cəlbedici məkanlarından olan “Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarət “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb.

Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb. Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.

“Bu gün Fidan Əliyevanın fərdi sərgisinin açılışına toplaşmışıq. Rəssam Azərbaycanın mədəni mühitində yaxşı tanınır. Bu sərgini yeni yaradıcılıq hesabatı da adlandırmaq olar. Sərgidə nümayiş olunan əsərlər rəssamın özünəməxsus yanaşma tərzini göstərir. Fidan xanım ətrafda gördüyü bütün gözəllikləri əsərləri vasitəsilə insanlara çatdırmağa çalışır. Fidan Əliyevanın yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də Bakıda “White Studio Gallery” və “Art Tover” qalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib”, - deyə Q.Qasımov vurğulayıb.

Sərgidə nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu, gənc rəssamın sayca üçüncü sərgisidir. Bu əsərlərin içində peyzaj və natürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi rəssamın gənc olmasına baxmayaraq, əsl peşəkarlığından xəbər verir.

Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin ən tanınmış fırça ustalarından biri olacağına inamını ifadə edib.

Gənc rəssamın yaradıcılığından danışan müəllimi, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.

S.Məmmədov tələbəsinin istedadından və yaradıcılığından söz açıb. Sərginin əhəmiyyətindən danışaraq, tələbəsinin sənətə sevgisindən, onun yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edən Xalq rəssamı S.Məmmədov Fidan xanıma gələcək yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşımova gənc fırça ustasının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərginin təşkilatçılarına və açılış mərasiminin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib. Rəssam deyib: “Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hisslər yaratsın, onları biganə və soyuq olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa və problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgi və sevinc enerjisini bölüşmək istəyirəm”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə təsviri sənətdə öz sözünü cəsarətlə deyən Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilib. Onun tablolarına düşündürücü kompozisiya həlli və stilistik müxtəliflik xasdır. Əsərlərindən görünür ki, gənc rəssam daha parlaq çalarlarla işləməyə üstünlük verir. Rəssamın hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhval-ruhiyyəsi və hissləri süzülür. Bu hisslər bəzən o dərəcədə qabarıq nəzərə çarpır ki, tamaşaçı tablonun qarşısında ayaq saxlamalı olur. Onun əsərlərində rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulur. F.Əliyevanın əsərlərinin mövzu dairəsi genişdir – gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Bakıda dünyaya göz açan rəssam ADA Universitetinin məzunudur. Xüsusi rəssamlıq təhsili olmayan bu gənc sənətin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.

Müəllifin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Bu mövzudakı hər bir əsərində Vətənə böyük sevgi ilk baxışda nəzərə çarpır. Bir sözlə, Fidan kimi gənc və istedadlı rəssamların yaradıcılığı Azərbaycan təsviri sənətinin gələcəyi barədə nikbin fikir söyləməyə əsas verir.

Böyük maraqla qarşılanan sərgi yanvarın 21-dək davam edəcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi