Atla gəzintilərin təşkili Şəkiyə gələn həm xarici, həm də yerli turistlər tərəfindən maraqla qarşılanır
Şəkiyə gələn turistlərin asudə vaxtlarının səmərəli keçirmələri və regionun milli adət-ənənələri ilə yaxından tanış olmaları məqsədilə 15 iyun 2017-ci il tarixindən etibarən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin və Şəki rayonunun Daşüz qəsəbəsində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılıgı ilə Şəkiyə gələn turistləri daha çox maraqlandıran tarixi bir məkanda, XVIII əsrin yadigarı olan Qala divarları ərazisində atlarla gəzinti təşkil olunub. Bu məqsədlə Respublika Atçılıq Turizm Mərkəzindən xüsusi təlim görmüş atlar gətirilmişdir.
Yay turizm mövsümü ilə əlaqədar əyləncəli tədbirlərə start verildiyi vaxtdan etibarən Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirovun rəhbərliyi ilə təlimatçılar Maşallah Namazov və Teymur Niftəliyev tərəfindən Son və Sani ləqəbli atlarla turistlərə nümunəvi xidmətlər göstərilir.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari xanım Zeynalovanın qeyd etdiyinə görə azyaşlı uşaqlar və yeniyetmələr atlarla təmasda olmaga daha meyillidirlər və bu hal tədqirəlayiqdir. Sədaqət rəmzi hesab olunan atlarla qısa müddətdə olsa belə yaxınlıq etmək uşaqlarda heyvansevərlik və heyvanlarla dostluq etmək hissiyatlarını daha da artırır ki, bu da onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır.
Turistlərə göstərilən xidmətlərin bir növü olaraq atlarla gəzintilərin avqust ayının sonunadək davam etdiriləcəyi nəzərdə tutulmuşdur.