Noyabrın 8-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Dövlət bayrağının təsis edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Tədbirdə muzeyin şöbə müdiri Mətanət Dadaşova müsəlman Şərqində yaradılmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilərək 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də iştirak etmişdir.
Proqram çərçivəsində Azərbaycanın inkişafı ilə bağlı videoçarx nümayiş olunub, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi kollecinin və Bakı Musiqi Akademiyasının tələbələri musiqi nömrələri ilə çıxış ediblər.