Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
274

“Azərbaycanfilm” kinostudiyasında Tofiq Tağızadənin Yaradıcılıq otağının açılışı olub

Mart 14-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı Yaradıcılıq otağının açılışı oldu.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və rejissorun ailə üzvləri iştirak edirdilər.

Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirdi ki, kinostudiyanın hər bir qarışı, hər bir otağı kino tariximizi özündə yaşadan xatirədir: “Vaxtilə görkəmli sənətkarların çalışdığı kinostudiya həm bir tarix, həm də gənc nəsil kinematoqrafçılar üçün örnək məkandır. Buna görə də bu binada çalışmış unudulmaz, korifey kino xadimlərimizin xatirəsini əbədiləşdirmək qərarına gəldik. Bu insanlar Azərbaycan kinosunda xüsusi xidmətləri olan insanlardır və biz bu ənənəni davam etdirəcəyik”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bu işin ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir. Bu gün kinostudiyanın dəhlizlərində böyük sənətkarların ruhu dolaşır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşdü: “Mən onunla birlikdə uzun müddət çalışmışam. Onun çox yüksək insani keyfiyyətləri mənim üçün daha vacib məktəb oldu. Bu gün xarakterimdə ondan öyrəndiklərimin də təsiri var. O, təbiətən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi. Ustadım hər zaman məğrur və iradəli idi”.

T.Tağızadənin rejissoru olduğu “Yeddi oğul istərəm” filminin aktyorları - xalq artistləri Əbdül Mahmudov, Ənvər Həsənov və Rafiq Əzimov çıxışları zamanı vurğuladılar ki, böyük sənətkarlar öz yaradıcılıqları ilə özlərinə əbədi heykəl qoyurlar. Vurğulandı ki, T.Tağızadə öz filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan rejissorlardandır.

Aktyorlar ölkə rəhbərliyi tərəfindən son günlərdə kino sahəsinə ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Bildirildi ki, ənənələri olan Azərbaycan kinosu daim yaşayacaq və bu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsillər tərəfindən ləyaqətlə davam etdiriləcək.

Qeyd olundu ki, T.Tağızadənin 100 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir. Yaşlı nəsil aktyorlar bu tədbirlərdə iştirak edərək məktəblilər, tamaşaçılar qarşısında rejissorla bağlı xatirələrini bölüşür, vaxtilə onları nəinki Azərbaycana, dünyanın 100-dən çox ölkəsinə tanıdan rejissorun ruhu qarşısında vəfa borclarını yerinə yetirirlər.

Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov rejissorla birgə çalışdığı filmlərlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, kinoda ilk bədii filmi məhz T.Tağızadənin 1978-ci ildə lentə aldığı “Evin kişisi” filmi olub.

Rejissor Vahid Mustafayev Yaradıcılıq otağının ərsəyə gətirilməsini mühüm hadisə kimi dəyərləndirdi. Vurğuladı ki, yapon rejissor Kurosavadan sonra dünyada yeddilik haqqında film çəkən üçüncü rejissor T.Tağızadədir: “Bu gün “Balans” şirkəti olaraq “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq çərçivəsində Tofiq Tağızadənin filmlərinin bərpası üzərində çalışırıq. Artıq rejissorun 1960-cı ildə lentə aldığı “Matteo Falkone” qısametrajlı filminin bərpasını bitirmişik. May ayının əvvəllərinədək “Uzaq sahillərdə” filminin də bərpasını bitirəcəyik”.

Tədbirin sonunda T.Tağızadənin ailəsi adından Əməkdar artist Firdovsi Atakişiyev çıxış edərək rejissorun xatirəsini əbədiləşdirilməsi istiqamətində göstərdiyi diqqətə görə kinostudiyanın rəhbərliyinə təşəkkür etdi. Ailə arxivindən dahi bəstəkar Qara Qarayevin vaxtilə “Uzaq sahillərdə” filmi üçün bəstələdiyi “Bakı haqqında mahnı”nın notunun əlyazmasını Yaradıcılıq otağına bağışladı.

Qeyd edək ki, bu il T.Tağızadənin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 24 yanvar 2019-cu il tarixli sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, T.Tağızadə 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına mühüm töhfələr verib. 1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissora şöhrət gətirib. Rejissorun “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər yüksək bədii zövqü ilə seçilən filmləri Azərbaycanın kinosunun inciləri sırasından yer alır.

XƏBƏRLƏR

24.05.2019 14:47
Abdulla Şaiqin Mənzil-Muzeyində Cəfər Cabbarlı yad edildi
24.05.2019 13:09
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər
24.05.2019 09:54
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
24.05.2019 08:53
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirildi
23.05.2019 17:39
Bakıda tanınmış rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb
23.05.2019 16:11
“Balaca Şahzadə” dörd dəfə nümayiş olunacaq
23.05.2019 16:00
Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi
23.05.2019 15:52
Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir
23.05.2019 11:36
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
23.05.2019 11:10
Musiqili Teatrda 60-cı dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq
23.05.2019 10:45
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib
23.05.2019 10:30
Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
23.05.2019 10:23
Musiqili Teatr geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq
23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
23.05.2019 09:29
Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib
23.05.2019 09:28
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək