Bakı şəhəri 13 nömrəli uşaq musiqi məktəbinin şagirdi “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb
Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb.
Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar. Mart ayının 14-dən başlanmış altıncı “Muğam televiziya müsabiqəsi” çərçivəsində respublikamızın, demək olar ki, bütün bölgələrini təmsil edən 350-dən artıq gənc dinlənilib.