Oktyabrın 10-da Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı işə başlayıb.
Konfrans Azərbaycanın Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Xalça Muzeyi, ICOM, ICDAD və DEMHIST-in təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.
Oktyabrın 12-dək davam edəcək konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edir.
ICOM-un prezidenti Suay Aksoy və ICOM Avropa Alyansının prezidenti Luis Raposo konfransın mötəbər qonaqları sırasındadırlar.
Ölkəmizi konfransda Azərbaycanın aparıcı muzey mütəxəssisləri təmsil edir. Tədbirdə, həmçinin UNESCO-nun dəstəyi ilə üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə iştirak proqramı çərçivəsində nəşr edilən, Şirin Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabın təqdimatı da keçirilib.
Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, ICOM-un prezidenti Suay Aksoy çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransda Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev muzeyləri barədə məlumat verilib. Bildirilib ki, tədbir ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmaları ilə tanışlığa, xarici muzey işçiləri ilə sıx əlaqələrin qurmasına imkan yaradacaq.