Xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini, zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan “Novruz bayramı” münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlərə start verilib. Bu istiqamətdə növbəti tədbirlərdən biri də Bərdə rayonu ərazsində yerləşən Bərdə Günərzi Qayğı Mərkəzində baş tutub.
Bərdə Regional Mədəniyyət İdarəsi sağlamlıq imkanları məhdud uşaqları “Novruz bayramı” münasibətilə təbrik edib və onların mədəni istirahətini yüksək şəkildə təşkil edib.Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova regional idarəsinin fəaliyyət istiqamətlərindən danışıb və bu kimi layihələrin idarə tərəfindən mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb
Daha sonra konsert proqramına start verilib və yerli incəsənət ustaları tərəfindən bayram əhval-ruhiyyəli musiqi nömrələri ifa edilib. Tədbirin davamı olaraq uşaqlarla birgə bayram tonqalı alovlandırılıb, “Yallı” rəqsi ifa edilib və “Novruz”un adətlərindən olan yumurta döyüşü keçirilib.
Sonda regional idarə tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara bayram sovqatı paylanılıb.
Qeyd edək ki, bu tipli tədbirlər regional idarə üzrə Mingəçevir və Yevlax şəhərlərində, o cümlədən Tərtər rayonunda da keçirilməkdədir.