Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Bakıxanovlar şöhrət zirvəsində” kitabının təqdimatı keçirilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 mart 2018-ci il
tarixində “Şöhrət” ordenlı, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov və aktyor Həsən Cəbrayılovun birgə tərtib etdikləri Abbasqulu ağa Bakıxanovun vəfatının 170, Əhməd Bakıxanovun anadan olmasının 125, Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş “Bakıxanovlar şöhrət zirvəsində” kitabının təqdimatı keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb şair, yazıçı, alim, mütəfəkkir, tərcüməçi Abbasqulu ağa Bakıxanovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan bu görkəmli alim 1835-ci ildə Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olmuşdur. Çoxcəhətli bədii və elmi yaradıcılığa malik Abbasqulu ağa Bakıxanovun əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şerləri, mənzum hekayələri, təmsilləri geniş şəkildə öz əksini tapmışdır.
“Şöhrət” ordenli, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov redaktoru və ön sözü millət vəkili, akademik Rafael Hüseynovun olan “Bakıxanovlar şöhrət zirvəsində” kitabının yazılıb oxuculara təqdim olunanadək müəllif kimi axtarışlarından danışdı.
Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev Bakıxanovlar nəslinin həqiqətən də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük töhfələr bəxş etdiyini xüsusi vurğuladı.
Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə bildirdi ki, Abbasqulu ağa Bakıxanov yurdunu, xalqını, dilini sevən vətənpərvər insan olmuşdur. Cəmi əlli iki il ömür yaşamasına baxmayaraq Abbasqulu ağa Bakıxanov tariximizdə təkcə hərbi xadim, diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi də əbədiləşmişdir.
Aktyor Həsən Cəbrayılov kitabın yazılmasında xalq artisti Tofiq Bakıxanov ilə birgə axtarışlarından, Bakıxanovlar nəslinin tariximizə qoyduğu böyük irsdən danışdı.
Tədbirdə həmçinin, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə, Respublika Ağsaqqallar Şurasının ictimai və mədəni tədbirlər təşkilatçısı Vəfa Həbibzadə, Respublika Qadınlar Cəmiyyətinin dini şöbə üzrə rəhbəri Qönçə Zeynalova, Bakı Musiqi Akademiyasının professoru Tofiq Əhmədoğlu, “İrfan” şirkətinin direktoru İlqar Kərimov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Say” qəzetinin baş redaktoru, “Vahid” ədəbi məclisinin sədri Rafiq Əliyev də iştirak edirdilər.
Tədbirin sonunda iştirakçılara “Bakıxanovlar şöhrət zirvəsində” kitabından hədiyyə verildi.