Şəki şəhərində Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət işçiləri, Şəki “Asan Xidmət” Mərkəzinin əməkdaşları, Şəki şəhər 5 və 10 saylı məktəblərin kollektivləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəkinin mərkəzində yerləşən B.Vahabzadə adına parkda görkəmli şairinin abidəsini ziyarət etmişdir.
Sonra Bəxtiyar Vahabzadənin Ev-muzeyində tədbir davam etmişdir.
Ev-muzeyi ilə tanışlıqdan sonra dəyirmi masa ətrafında tədbir iştirakçıları üz fikirlərini söyləmişdir. Çıxış edənlər şairin yüksək sənətkarlıq nümunəsi olan, xalqımızın milli oyanışına xidmət edən əsərlərində vətənpərvərlik və azadlıq motivlərinin aparıcı yer tutduğunu qeyd etmişlər.
Tədbirdə şairin şeirlərinin fəlsəfəsinin Azərbaycan xalqının azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsinə həsr edildiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, müasir ədəbiyyatımızın yaradıcılarından olmuş Bəxtiyar Vahabzadənin lirik şeir və poemaları, pyesləri, elmi əsərləri şairə böyük şöhrət qazandırmışdır.
Sonda məktəblilər şairin şeirləri səsləndirmişdir.