Azərbaycandan geniş nümayəndə heyətinin qatıldığı, nüfuzuna görə dünya üzrə ön sırada olan Frankfurt Beynəlxalq Kitab Sərgisi bu il də çoxsayda ölkədən yüzlərlə quruma ev sahibliyi edir. Azərbaycanın "Şərq-Qərb", "Qələm", "Radius", "Bərəkət" və s. nəşriyyatları sərgi çərçivəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirir.
Xarici iştirakçıların və ziyarətçilərin diqqətini cəlb edən Azərbaycan stendində sərginin üçüncü günündə Almaniyanın Höte Universitetinin Kampuservis Akademiyasının müəllim və tələbələri ilə görüş keçirilib.
Tədbirin əvvəlində Maynz-Azərbaycan Cəmiyyətinin sədr müavini Kayhan Bay Kömür qonaqları salamlayıb, Azərbaycanın milli mədəni dəyərləri, bu gün ölkədə bütün sahələr üzrə həyata keçirilən innovativ layihələr barədə geniş məlumat verib. "Fərqliliyimiz zənginliyimizdir" şüarını əsas gətirərək, Azərbaycanın nümunəsində fərqli mədəniyyətlərin və fərqli dinlərin sülh şəraitində yanaşı yaşamasının və inkişaf etməsinin vacibliyini vurğulayıb.
Tədbir boyunca qonaqların Azərbaycanla bağlı sualları cavablandırılıb.
Sonda qonaqlara Azərbaycan Tərcümə Mərkəzinin alman dilində nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatı antologiyası" hədiyyə edilib.