Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Nağaddin Məmmədov 22 may 2019-cu ildə, 52 yaşında vəfat etmişdir.
Nağaddin Ağarıza oğlu Məmmədov 1967-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1987-ci ildə Gəncə Dövlət Kukla Teatrına işıqçı kimi qəbul edilmiş, sonra 2-ci dərəcəli aktyor, 1991-ci ildən 1-ci dərəcəli aktyor, 1998-ci ildən aparıcı səhnə ustası kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşdür.
N.Məmmədov teatrda işlədiyi müddətdə 100-dən artıq tamaşada yaddaqalan obrazlar yaratmışdır. M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”ında Məstəli şah , “Xırs quldurbasan”da Tarverdi, M.Hüseynzadənin “Büllur qəsr”ində Qara Div, N.Gəncəvinin “Xeyr və Şər”ində Şər və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Aktyor 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində “Şərq xalqları kukla teatrlarının festivalı”, 1996-cı ildə Kutaisidə (Gürcüstan) “Beynəlxalq kukla teatrlarının festivalı”, 1999, 2001, 2003-cü illərdə İzmirdə “Kukla və kölgə oyunları festivalı”, 2004-cü ildə Bursada “Beynəlxalq Qaragöz kukla və kölgə oyunları festivalı” (Türkiyə), 2005-ci ildə Bolqarıstanın Tarqovişte şəhərində “Sehrli pərdə uşaq tamaşaları festivalı” və digər festivallarda iştirak etmişdir.
Eyni zamanda fəal ictimaiyyətçi idi. Gəncə şəhər tədbirlərində keçirilən mədəni-kütləvi tədbirlərdə bir sənətçi kimi yaxından iştirak etmişdir.
Allah rəhmət eləsin.