“Söz” ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadənin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 17 may 2018-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət İncəsənət Muzeyində görkəmli şair, dramaturq, mütəfəkkir Hüseyn Cavidin xatirəsinə həsr olunmuş gecə keçirildi.
Yaradıcılığı və həyat yolu Azərbaycan tarixi və ədəbiyyatının xəzinəsinə çevrilən Hüseyn Cavidə həsr olunmuş gecədə qonaqlar ilk öncə Hüseyn Cavidin doğma qardaşı qızı Gövhər xanımın çıxışını dinlədilər. O, çıxışında dramaturqun ailəsi, uşaqlıq xatirələrindən və onların faciəli taleyindən qısa hekayələr danışdı. Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı Hüseyn Cavidə həsr etdiyi şeirlərini səsləndirdi, "SÖZ" layihəsinin sosial və ictimai əhəmiyyətini qeyd etdi. Həmçinin gənc yazıçı və şair Sayman Aruz şair haqqında maraqlı fikirlərlə çıxış etdi.
Əməkdar artist Mehriban Zəki, aktyorlar Tural Əhməd, Elxan Rza və Kamran Yunus dahi şairin böyük sətir və fikirlərini dinləyicilərin diqqətinə çatdırdılar. Gecədə Hüseyn Cavidin şeirlərini rus dilinə tərcümə edən gənc şair İren Tasalova öz tərcümələri ilə çıxış etdi. Gənc şair Mehman Rəsulov isə şeirlərin orijinal versiyasını oxudu. Ədəbi gecənin sonunda “SÖZ” layihəsinin ən gənc iştirakçısı, 12 yaşlı Əsgər Novruzovun ifasında “İblis” poemasından bir parça səsləndirildi.