Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1832

Mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir

Nazir Əbülfəs Qarayev: “Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri Azərbaycanın təbliğinə, beynəlxalq aləmdə müsbət imicinin yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi”


İyulun 3-dən 8-dək İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günləri keçirildi. Tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti, incəsənət xadimləri – musiqi və teatr kollektivləri iştirak edirdi. İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın mədəni irsinin, incəsənətinin, müasir inkişaf səviyyəsinin qonşu ölkədə təbliği, eləcə də turizm əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan mədəniyyət həftəsinin zəngin proqramı vardı. Mədəniyyəti günləri çərçivəsində gerçəkləşən görüşlər, silsilə tədbirlər hər iki ölkənin mediasında geniş işıqlandırıldı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan mədəniyyəti günlərinin yekunlarını dəyərləndirib, fikir və təəssüratlarını bölüşüb.

2017-ci ildə Azərbaycanla İran arasında diplomatik münasibətlərin 25 ilinin tamam olduğunu diqqətə çatdıran nazir ötən dövrdə ikitərəfli əlaqələrin böyük inkişaf yolu keçdiyini deyib: “Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublika rəhbərliyinə qayıdandan sonra Azərbaycanın dost və qonşu ölkələrlə münasibətlərinə xüsusi diqqət ayırdı. 1993-1994-cü illərdə İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri ilə əsası qoyulan yüksək səviyyəli əlaqələr bir çox sahələrdə sıx əməkdaşlığa zəmin yaratdı. Bu siyasət möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və İran prezidentlərinin himayəsi ilə iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir”.

Nazir qeyd edib ki, yüksək səviyyəli əlaqələr son dövrlər xüsusilə intensivləşib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında son dörd ildə yeddi dəfə görüş keçirilib. Təbii ki, ölkə başçıları səviyyəsində dostluq münasibətləri mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsinə mühüm əsas yaradır. İndiyədək iki ölkə arasında 130-dan artıq sənəd imzalanıb, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın müvafiq hüquqi bazası vardır. Qarşılıqlı mədəniyyət günləri, teatr, kino, musiqi və s. sahələrdə əlaqələr, iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirak bu əməkdaşlığın ildən ilə genişləndiyini göstərir.

2010-cu ilin 25-30 sentyabrında İranda Azərbaycan mədəniyyəti həftəsinin, 2011-ci il 3-7 oktyabr tarixində isə Azərbaycanda İran mədəniyyəti günlərinin gerçəkləşdiyini xatırladan Əbülfəs Qarayev bildirib ki, mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir: “Azərbaycan və İran arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərimizin inkişafına müsbət təsir göstərir. Bu münasibətlərin möhkəmləndirilməsi, bir-birimizin zəngin tarixə söykənən mədəni irsinin, ədəbiyyatının, incəsənətinin daha yaxından tanıdılıb təbliğ edilməsi ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir. Bu günlərdə İranda uğurla gerçəkləşən Azərbaycan mədəniyyəti günləri, keçirdiyimiz tədbirlərə göstərilən böyük maraq bunu bir daha təsdiqlədi”.

Budəfəki mədəniyyət günlərinin yüksək səviyyədə keçməsi üçün İran tərəfdən hər cür təşkilatı tədbirlərin görüldüyünü, Azərbaycan nümayəndə heyətinə xüsusi diqqət göstərildiyini, konsert proqramları, sərgi, kino və teatr nümayişi üçün ən böyük salonların ayrıldığını deyən nazir bunu son illərdə dövlətlərarası münasibətlərinin inkişafının göstəricisi kimi səciyyələndirir: “İran rəsmiləri ilə keçirdiyimiz görüşlərdə, həm də təkcə Tehranda deyil, İsfahanda, Ərdəbildə apardığımız danışıqlarda bunun şahidi olduq. İstər hökumət üzvləri, istərsə də vilayət rəhbərləri səviyyəsində bir fikir xüsusi vurğulandı ki, İran tərəfi Azərbaycanla əlaqələrə xüsusi önəm verir, dostluq münasibətlərini, o cümlədən mədəniyyət və turizm əlaqələrini daha da genişləndirmək istəyir. Biz bunu təqdirlə qarşılayırıq. Çünki bu məram qarşılıqlıdır. Azərbaycan Prezidentinin yeritdiyi siyasət sülhpərvər, mehriban qonşuluq, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq siyasətidir”.

Qeyd edək ki, Əbülfəs Qarayev mədəniyyət günləri gedişində İranın mədəniyyət və islam irşadı naziri, ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, İranın vitse-prezidentləri – Milli Kitabxana və Arxiv İdarəsinin direktoru, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri, eləcə də İsfahan və Ərdəbil valiləri ilə görüşlər keçirib. Bu görüşlərdə iki ölkə arasında mədəni əlaqələrin geniş spektri, həmçinin son illər inkişaf etməkdə olan turizm əlaqələri ətraflı şəkildə müzakirə olunub.

Nazirin sözlərinə görə, görüşlərdə gələcək əməkdaşlığa dair bir çox vacib məsələlər nəzərdən keçirilib, təkliflər səslənib, o cümlədən İran tərəfdən müəyyən təşəbbüslər irəli sürülüb: “Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi, həmçinin beynəlxalq səviyyədə, məsələn, UNESCO və Dünya Turizm Təşkilatı kimi qurumlar çərçivəsində birgə fəaliyyət üçün imkanlar var. Ötən il UNESCO-da Azərbaycan və İran digər dost ölkələrlə birgə lavaş çörək mədəniyyəti ənənəsinin ortaq bir dəyər kimi qurumun qeyri-maddi mədəni irs siyahısına salınmasına nail oldu. Bununla da ermənilərin lavaşla bağlı əsassız iddialarına cavab verildi. İranla beynəlxalq turizm sərgilərində də əməkdaşlıq edə, birgə turizm marşrutları təqdim edə bilərik. Azərbaycan və İranın oxşar mətbəx mədəniyyətindən adət-ənənə, folklor, mədəni və ədəbi irsədək bir ortaq nöqtələri var ki, bu nümunələri əlbir şəkildə dünyaya tanıda bilərik”.

Nazir bildirib ki, turizm əlaqələrinin inkişaf etdirilməsinə də hər iki tərəf maraqlıdır və keçirilən görüşlərdə bu bir daha vurğulanıb: “Hər il Novruz bayramı günlərində on minlərlə İran vətəndaşları Bakıya gəlir. Ümumilikdə iranlı turistlər ilin bütün fəsillərində Azərbaycana maraq göstərir. Bunun bir səbəbi də iki ölkənin mədəni ənənələrinin, milli mətbəxinin oxşar olmasıdır. Turizm dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox yaxşı vasitədir”.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, 2017-ci ilin əvvəlindən Azərbaycanda “ASAN Viza” sisteminin tətbiq edilməsi iranlı turistlərin də Azərbaycana səfərlərini asanlaşdırıb. Bu xüsusda İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etməsi zəruridir. Onlar ziyarət, səhiyyə və başqa turizm sahələri üzrə səfərlər təşkil edə bilərlər: “Məlum olduğu kimi, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilib. İranın Təbriz şəhəri isə gələn il islam dünyasının “Turizm paytaxtı” elan olunub. Bununla bağlı Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtım tədbirlərinin keçirilməsini təklif etdik və düşünürəm ki, 2018-ci il həm mədəni, həm də turizm əlaqələrimizi genişləndirmək üçün mühüm bir fürsətdir. Bundan əlavə, Azərbaycanda turizmlə bağlı ali təhsil sahəsi inkişaf edib və biz İranla bu sahədə də əməkdaşlıq edə bilərik”.

Əbülfəs Qarayevin sözlərinə görə, İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçməsi ölkəmizin tanıtımına mühüm töhfə olmaqla bərabər, iki ölkə arasında mədəniyyətin ayrı-ayrı sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu nümayiş etdirib: “Mədəniyyət həftəsi çərçivəsində beş Azərbaycan filmi, o cümlədən iranlı kinematoqrafçıların iştirakı ilə istehsal olunan “Nabat” filmi təqdim edildi və maraqla qarşılandı. Bu fakt iki ölkənin kino sahəsində birgə layihələr həyata keçirməsi üçün imkanları göstərir. Azərbaycan Dövlət Musiqili Teatrı Tehranda iki gün Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyasını nümayiş etdirdi. Bildiyimə görə, Musiqili Teatrda, Lənkəran teatrında iranlı sənətçilərin iştirakı ilə tamaşalar qoyulub. Azərbaycan teatrları hər il İranda Fəcr festivalına qatılır. Bu əlaqələri, yaradıcılıq mübadiləsini genişləndirə bilərik. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Tehran və İsfahanda konsert proqramları böyük çoşqu ilə qarşılandı. Bütün bunlar sübut edir ki, teatrların qastrol səfərlərini, incəsənət ustalarının konsert proqramlarını qarşılıqlı şəkildə tez-tez təşkil etmək lazımdır”.

Nazir qeyd edib ki, Azərbaycanda keçirilən ənənəvi beynəlxalq muğam festivalına, beynəlxalq teatr konfransına, Bakı kitab sərgi-yarmarkasına, digər mədəniyyət tədbirlərinə İran həmişə dəvət edilir. Nəşriyyat işi, kitabxana sahələrində əlaqələr inkişaf edir: “Qarşı tərəf də buna təşəbbüs edir. Məsələn, qərara gəldik ki, İran Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında anlaşma memorandumu hazırlansın və payızda Bakıda keçiriləcək beynəlxalq kitab sərgisi-yarmarkasında imzalansın. İranın Milli Kitabxanasında çox qədim əlyazmalar saxlanılır. Onların birgə tədqiq edilməsi xalqlarımızın tarixinin, ədəbi irsinin daha dərindən öyrənilməsinə töhfə olar. Yeri gəlmişkən, İran Milli Kitabxanasında Azərbaycanla bağlı guşə var, orada 200 adda kitab yer alır. Onlar bizdən əlavə kitablar istədilər və həmin guşə üçün yeni nəşrlər göndəriləcək. Həmçinin nəşriyyat sahəsində əməkdaşlıq, fars və Azərbaycan dillərində kitab çapı ilə bağlı təkliflər dəyərləndiriləcək”.

Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində İranın İsfahan və Ərdəbil şəhərlərində keçirilmiş tədbir və görüşlərin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, hər iki vilayət rəhbərliyi Azərbaycanla həm mədəni, həm də turizm əlaqələrini genişləndirməyə maraq göstərir: “İsfahan valisi tərəfindən Azərbaycanın şəhər və bölgələri ilə qardaşlaşma sazişi imzalanması təşəbbüsü səsləndirildi. Bildirildi ki, bu layihələr iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm əməkdaşlığına əlavə zəmin yaradar. Həmçinin Ərdəbildə Azərbaycan filmlərinin, teatr tamaşalarının nümayişinin təşkili barədə müzakirələrimiz oldu. Onu da qeyd edim ki, növbəti ildə Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də reallaşması, eləcə də İranın şəhər və vilayətlərinin, o cümlədən Ərdəbilin təqdimatının təşkili ilə bağlı fikir mübadiləsi apardıq”.

Nazir sonda Azərbaycan mədəniyyəti günlərinin yüksək şəkildə keçirildiyini bir daha vurğulayaraq İran tərəfinə nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə, xoş münasibətə görə minnətdarlığını ifadə edib. Əbülfəs Qarayev həmçinin bütün görüş və tədbirlərin təşkilində və keçirilməsində Azərbaycanın İrandakı səfirliyinin fəal rolunu xüsusi qeyd edib, başda səfir Bünyad Hüseynov olmaqla səfirliyin kollektivinə təşəkkürünü bildirib: “Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycanın təbliği deməkdir, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi”.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel