“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun “Əsrlərin yadigarı” adlı layihəsi start götürmüşdür
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Ağstafa rayonu ərazisində yerləşən şəhər və kənd orta məktəblərində “Əsrlərin yadigarı - Keşikçidağ” adlı tanıtım layihəsinə başlamışdır. Layihə ilk olaraq ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı olaraq yenidən qurulmuş 3 saylı orta məktəbdən başlamışdır.
Tanıtım layihəsinin keçirilməsində məqsəd ulu əcdadlarımızdan bizə miras qalmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən tarixi, mədəni, memarlıq abidələrini ölkəmizin gələcək inkişafında iştirak edəcək gənc nəslə daha dərindən tanıtdırmaq və sevdirməkdir.
Məktəbdə qurulmuş tanıtım pavilyonunda qoruq ərazisində elmi-arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri sərgilənmişdir. Pavilyon qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, alban memarlığının tərkib hissəsi olan qala, məbədin əl ilə daşdan yonulmuş maketləri və qədimliyi özündə əks etdirən xalçalar, rəsm əsərləri ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır.
“Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər şagirdlərə hədiyyə verilmişdir.
Tanıtım layihəsi il ərzində rayon ərazisində yerləşən bütün şəhər və kənd orta məktəblərində davam etdiriləcəkdir.