Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Penya ilə görüşmüşdür
2017-ci ilin 28-30 sentyabr tarixində keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri davam etməkdədir. Bu çərçivədə iyulun 18-i mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Qalindo Penya ilə görüşmüşdür.
Görüş zamanı hər iki xalqın zəngin mədəniyyətindən bəhs olunmuş, ölkələr arasındakı mədəni əlaqələrin vəziyyəti müzakirə edilmişdir.
Qəbula görə təşəkkür edən xanım Penya sentyabr ayında keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Səfirliyin iştirak edəcəyini bildirmiş, həmçinin sərgi çərçivəsində kolumbiyalı professor, Qabriel Qarsia Markes yaradıcılığının tədqiqatçısı Konrada Zuluaga ilə ictimaiyyətin, ədəbiyyatsevərlərin görüşünün təşkilinin mümkünlüyünü diqqətə çatdırmışdır.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına göstərilən diqqətə görə xanım Penyaya minnətdarlığını bildirən nazirin birinci müavini Vaqif Əliyev bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasındakı mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdir.
Qəbulda mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.