“Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı yazıları ilə gündəmdədir.
Jurnalın budəfəki kiçik hesabatında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun maraqlı məqamları əksini tapıb.
“Azərbaycan Cümhuriyyəti” rubrikası tədqiqatçı alim Nəsiman Yaqublunun qələmindən güc alıb. “Günahsız müqəssir”lər siyahısına düşən onminlərlə aydınımızın daha biri -Əliabbas Müznib haqqında yazı ilk dəfə bu nömrədə yer alıb.
Bu yaxınlarda əsərləri yenidən kitab halında çıxan Mirzə Şəfi Vazeh haqqında “Öz dilinə tərcümə olunan şair!” adlı yazı onun taleyini əks etdirir.
“Oxu bayramı” kimi bölgələrdən gələn yazılara jurnalın səhifələrində yer verilmişdir.
Musiqi dünyamızın önəmli isimlərindən biri, Fərhəng Hüseynov haqda bəzi oxucularımız Zemfira Abdullayevanın məqaləsindən ilk dəfə oxuyacaqlar.
Teatr kulisləri – Lənkəran Beynəlxalq Teatr Festivalı və Pantomima Teatrının yubileyi Samirə Behbudqızının yazılarında ard-arda izlənilir.
Rəngkarlıq aləmində sənətşünas Dilarə Vahabova Arif Hüseynovun, Məmmədhüseyn Əliyev isə həmkarı, xalçaçı rəssam Aydın Rəcəbovun naxışlar dünyasından söz açır. Daha bir yazıda isə görkəmli sənətşünas alim Kübra Əliyevanın həmişəcavan qalmasının sirləri aşkarlanır.
Musiqi tariximizdə arfaçı Çiçək xanım Rzayeva haqqında da geniş məlumat yer alır.
Mədəniyyət Nazirliyinin meqatədbirlərinin Azərbaycan turizminə verdiyi töhfələrdən isə oxucular həmişəki kimi Fəxriyyə Abdullayevanın yazısında xəbər tutacaqlar.