Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ingilis və rus dillərində İçərişəhərin turist xəritəsi hazırlanmışdır
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rus və ingilis dillərində İçərişəhərin turist xəritəsi hazırlanıb. Xəritə İçərişəhər ərazisində yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelər, yerləşdirmə obyektləri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olur.
Bundan əlavə xəritədə İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələri haqda qısa məqalələr də əks edilmişdir.
İçərişəhərin turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Bakı şəhəri ərazisində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Yaxın gələcəkdə xəritənin ərəb dilli buraxılışının da nəşr edilməsi nəzərdə tutulmuşdur.