Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib.
Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Boçkay Gimnaziyasının (Macarıstan) professoru Papp Kornel, istedadlı musiqiçi, “Art-lider” agentliyinin prodüseri, beynəlxalq və ümumrusiya müsabiqələrinin diplomantı, violin ifaçısı Anar Yusifov və məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli iştirak edib.
Əməkdaşlıq və dostluq çərçivəsində keçirilən söhbət zamanı görüş iştirakçıları Sankt-Peterburq, Moskva, Macarıstanın musiqi təhsilinin hansı istiqamətdə aparılması, onların fəaliyyəti ilə yaxından tanış olmaq, musiqi təhsilinə yanaşma və maraqlı metodiki üsullarını öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün şərait yaratmaq, ölkəmizdə musiqi təhsilinin necə aparılmasından ətraflı söhbətlər aparıblar.
Boçkay Gimnaziyasının Mərkəzi İncəsənət məktəbini təcrübə mübadiləsi üçün bu ilin oktyabr ayında Macarıstana işgüzar görüşə dəvət etməsi də bu görüşün gözəl nəticəsi olub.
Əməkdaşlıq görüşünün sonunda qonaqlar “Alov” rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə dəvət olunub.
Məktəbin xalq çalğı alətlrəi ansamblı, “Dəcəl qızlar” rəqs kollektivi, “Səbinə” rəqs kollektivi də böyük həvəslə bu xeyriyyə tədbirində iştirak ediblər. Konsertə dəvət olunan bütün uşaqlara isə kollektiv adından hədiyyələr təqdim edilib.
Konsert iştirakçılar tərəfindən maraqla izlənilib.