Azərbaycanın Əməkdar artisti, hal-hazırda İsrail Xayfa simfonik orkestrinin artisti, violin ifaçısı Leonid Barştakın 12 fevral tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində violin sinfinin istedadlı şagirdləri ilə ustad dərsi keçirildi.
Ustad dərsində musiqiçi öz həyat və yaradıcılığı ilə şagirdləri tanış edib, həmçinin ifaçılıq, eləcə də pedoqoji təcrübəsini müəllim və şagirdlərlə bölüşüb.
Qeyd edək ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Azad Əliyevin tələbəsi Məleykə Əhədzadənin təşəbbüsü ilə Bakı Musiqi Akademiyasında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların Beynəlxalq müsabiqəsi keçirilmişdir.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə ilə yanaşı xarici ölkələrin nümayəndələri N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), F.Masuda (Özbəkistan) ilə birlikdə L.Barştak (İsrail) da daxil idi.