Sentyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusu kitabının təqdimatı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək gənc yazar Ramil Əhmədi təbrik edib, yardıcılıq fəaliyyətində ona uğurlar arzulayıb.
K.Tahirov, həmçinin “Açıq kitabxana”nın fəaliyyət göstərdiyi üç il ərzində gənclərin dostuna çevrildiyini, habelə bu məkanda gənc yazarların tez-tez kitab təqdimatlarının baş tutduğunu qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kənan Hacı, filologiya elmləri doktoru, professor Aqşin Babayev, Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, şair Zahid Sarıtorpaq, ədəbiyyatşünas Ülvi Babasoy və digərləri çıxış edərək gənc yazara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Gənc yazar kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkür edib.