Nazir müavini Nazim Səmədov ilə Koreya Respublikasının nümayəndə heyəti arasında görüş keçirildi
2017-ci ilin 15 avqust tarixində mədəniyyət və turizm nazirinin müavini,
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü Nazim Səmədov ilə Koreya nümayəndə heyəti arasında görüş keçirildi. Nümayəndə heyətinin tərkibinə Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında, həmçinin Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndələri Lee Ju-young, Kim Seang-tae, Kim Sung-chan, Park Kyung-mee, Milli Assambleyanın Baş direktoru Cho Yong-tak və direktoru Kim Mi-hyun, “Step” fondunun direktoru Do Young-sin və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri daxil idi.Görüşdə Azərbaycan Respublikası və Koreya Respublikası arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Görüş iştirakçıları hər iki ölkənin zəngin turizm potensialından istifadə edərək qarşılıqlı turist axının, o cümlədən xalqlararası məlumatlılığın və anlaşmanın təşviqi məqsədilə birgə addımlar atılmasının əhəmiyyətini qeyd etdilər.
İki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə Nazirliyin təşkilati dəstəyi ilə keçiriləcək tədbirlər, o cümlədən cari ilin 17 sentyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan və Koreya nümayəndələrinin iştirakı ilə təşkil olunacaq sərgi, taekvando yarışı, milli mətbəxin təqdimatı və musiqili proqram barədə məlumat verildi və Azərbaycan tərəfi sözügedən tədbirlərdə iştiraka dəvət olundu.
Həmçinin Koreya tərəfi növbəti Dünya Skaut Konfransının 2023-cü ildə məhz Koreyada keçirilməsi məqsədilə seçimlər zamanı Azərbaycan tərəfindən dəstək göstərilməsini xahiş etdi.