Mədəniyyət və Turizm Nazirliyi və
Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr 2017-ci il tarixində Müstəqillik Günü ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində “Pəhləvan komandir” sənədli filminin nümayişi həyata keçirilib.Dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında çəkilən film Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edir.
Azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək və vətənpərvərlik hisslərini daha da gücləndirmək məqsədi ilə keçirilən tədbirdə ilk öncə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Tahir Əliyev, Penitensiar Xidmətin Baş İdarəsinin əməkdaşı Mübariz Vəliyev, filmin ssenari müəllifi və rejissoru, Əməkdar İncəsənət Xadimi Nizami Abbas və Milli Qəhrəman Əliyar Əliyevin qardaşı Rüzgar Əliyev çıxış edərək, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmiş və vaxtaşırı keçirilməsinin vacibliyini vurğulamışlar
Sonra filmin nümayişi olub və film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.