Cari ilin 15 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil olunmuşdur.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən və Nazirliyin pilot layihəsinin icrasına cəlb olunmuş kitabxanaçılar üçün təşkil olunmuş sözügedən təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin mütəxəssisləri də iştirak etmişdir.
Belə ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış etmişdir.
“Kitabxanalarda müasir xidmətlərin təşkilinə dair tələblər”, “Kitabxanaçıların peşə standartı”, “Oxucularla iş və vaxtın idarə olunması”, “Müasir şəraitdə kitab təbliğinin metodları” və digər aktual mövzularda olan məruzələrdən sonra təlim sual-cavab formatında davam etmişdir.
Qeyd olunmalıdır ki, layihə çərçivəsində əhalinin, xüsusilə də turistlərin sıx toplaşdığı məkanlarda səyyar kitabxanaların təşkili nəzərdə tutulmuşdur.