Cari ilin 18 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilmişdir.
Sözügedən toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış etmişlər.
Klubun üzvləri, Çuxur Qəbələ kəndinin sakinləri tədbir zamanı çıxış edərək Nazirliyin sözügedən layihəsini yüksək qiymətləndirmiş və uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət edən layihə olduğunu bildirmişlər.
“Kitabsevərlər klubu”nun üzvləri arasında kitab oxuma ənənələrinin bərpası, mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara marağın artırılması haqqında fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində sözügedən məktəbin direktoru Müşfiq Əzizova Mərkəz tərəfindən xatirə hədiyyəsi, ədəbiyyat müəllimi Nigar Məmmədyarovaya və məktəbin şagirdlərinə keçirilən viktorinada fəal iştiraklarına görə sertifikat və Mərkəz tərəfindən hazırlanmış “Qarabağ açıqcaları” hədiyyə edilmişdir.
Xatırladaq ki, “Kitabsevərlər klubu” artıq Qəbələ rayon Bum qəsəbəsində, Tikanlı və Xırxatala kənd kitabxanalarının nəzdində də təsis edilmiş, klubun kənd məktəblərində görüşləri təşkil olunmuşdur.