Qusar Dövlət Ləzgi Dram Teatrı fransız dramaturqu Robert Tomanın "Səkkiz qadın” adlı pyesi əsasında yeni tamaşanın məşqlərinə başlayıb.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Tamaşaya qoyulan əsərdə hadisələr 1950-ci illərdə Fransada baş verir. Şəhərdən kənarda yerləşən mülkdə ev sahibi Marsel ölü halda tapılır. Evdəki əli heç yerə çatmayan 8 qadın müəmmalı qətl hadisəsində bir-birindən şübhələnir və təhqiqata başlayırlar. Onlar bir-birini sorğu-sual eləyir və nəticədə onların hər birinin sirri üzə çıxır. Məlum olur ki, qadınların hamısı Marseldən öz məqsədi üçün istifadə edirmiş.
Yeni tamaşa noyabr ayından tamaşaçılara təqdim olunacaq.