50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında növbəti mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək əvvəlcə bu mövsümün teatr və teatr kollektivi üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalar, həyata keçirilən yeni layihələr barədə fikirlərini bölüşdü. Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı Cəfər Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında “Solğun çiçəklər” tamaşasının hazırlanaraq mövsümün açılışında nümayişin nəzərdə tutulduğunu deyən M.Həmidov eyni zamanda teatrın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivin öhdəsinə düşən məsuliyyəti vurğuladı.
O bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümdə bir neçə festivala qatılacaqdır. Bunun üçün yaradıcı heyətin daha əzmlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist qarşıda duran planlardan da söz açdı. Daha sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü.
Sonda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.