Ustad aşıq Bəylər Qədirovun anadan olmasının 100 illik yubiley tədbiri keçiriləcəkdir
Cari ildə tanınmış aşıq Bəylər Qədirovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan aşıq yaradıcılığının inkişafı istiqamətində səmərəli fəaliyyət göstərmiş Aşıq Bəylər Qədirov 1917-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuşdur. O, gənc yaşlarından aşıq sənətinin sirlərinə yiyələnmiş, yüksək ifaçılıq bacarığı və istedadı sayəsində qısa müddətdə ölkəmizdə tanınmışdır. 1937-ci ildə sənətə gələn Bəylər Qədirov aşıq sənətinin “Bülbül”ü kimi özünə böyük şöhrət qazanmış, onun ifa etdiyi saz havaları Azərbaycan sərhədlərindən kənarda, o cümlədən İran və Türkiyədə məşdurlaşmışdı.
Yaradıcı aşıq kimi də məşhur olan B.Qədirov ustadnamə, müxəmməs, gözəlləmə kimi aşıq şeir janrlarında onlarla nümunələrin və bir neçə dastanın müəllifi olmuşdur. Onun 1966-cı ildə ifa etdiyi “Abbas və Gülgəz” dastanı Azərbaycan Radio Komitəsinin səsyazma studiyası tərəfindən lentə alınmışdır. Həmin səs yazısı Azərbaycan Radiosunun “Qızıl Fond”unda saxlanılır. Aşıq Bəylər "Peyvənd şikəstə", "Kərəmi", "Peşron"un əvəz olunmaz ifaçısı kimi tanınırdı. Onun müəllifi olduğu “Kəndimiz” mahnısı bu gün də müxtəlif tədbirlərdə ifa olunur.
Aşıq Bəylər Qədirov respublika və beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, Azərbaycan Aşıqlarının II və III qurultaylarının, Moskvada keçirilmiş “Azərbaycan mədəniyyəti günləri” ongünlüklərinin iştirakçısı olmuşdur. O, xalq yaradıcılığı sahəsində xidmətlərinə görə diplom, fəxri fərman, digər mükafat və təltiflərə layiq görülmüşdür.
Aşıq Bəylərin repertuarında əsas yer tutan “İbrahim peşrosu” , “Şəşəngi” , “Döymə Kərəmi”, “Ordubadi”, “Şakir gözəlləməsi”, “Qara qafiyə”, “Göyçə gülü”, “Təxnis” , “Aran gözəlləməsi”, “Kərəmi” , “Koroqlu misrisi”, “Naçıvan gülü” , “Kərəmi” , “Peyvəndi” şikəstəsi “Şirvan şikəstəsi” bu gün də yaddaşlarda yaşayır. Onların xeyli bir hissəsi radionun “Qızıl Fond”unda saxlanılır və efirdə səsləndirilir. Onun sənətini B.Qədirovdan öyrənmiş onlarla sənətkar bu gün də bu qədim sənətin inkişafı və təbliği istiqamətində fəaliyyət göstərir.