Fevralın 15-də Muzey Mərkəzində Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun 80 illiyinə həsr edilmiş tədbir keçirildi.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxdılar.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə mütəmadi olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirildiyini, onların yaradıcılıq gecələrinin təşkil olunduğunu dedi. Bu tədbirlərin gerçəkləşməsinə Mədəniyyət Nazirliyi tərəfindən daim dəstək göstərdiyini vurğuladı.
Vaqif Əliyev yubilyar rəssamın həyat və yaradıcılığından danışdı, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs etdi. Qeyd olundu ki, Rafiz İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür” və “Təhminə” kimi filmlər üzərində işləyib. Rəssam eyni zamanda “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinə bədii tərtibat verib. O, 1970-2007-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş təkcə 25 bədii filmdə rəsmlərin quruluş müəllifi olub.
Bir sıra kitablara illüstrasiyalar çəkən sənətkar atalar sözləri, “Kitabi-Dədə Qorqud” dastanının motivləri və xalq mahnılarımıza həsr olunan xeyli sayda rəsm əsərləri yaradıb.
Rafis İsmayılov 2003-2005-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olub.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov və başqaları sənətkarın yaradıcılığından, insanı keyfiyyətlərindən söz açdılar, ona cansağlığı və yaradıcılıq uğurları arzuladılar.
Sonda rəssam çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürürünü bildirdi.
Qeyd edək ki, rəssamın əsərləri Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.