12 iyul 2018-ci il tarixində “Əlil Qadınlar” Cəmiyyətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminar çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi təşkil olunmuşdur.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov, Əlil təşkilatları İttifaqın prezidenti Davud Rəhimli, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Qorxmaz İbrahimli, Səhiyyə Nazirliyinin nümayəndəsi Rəna İbrahimova, Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyə Quliyeva, Asan Təlim-Tədris Mərkəzinin baş məsləhətçisi, Gənc psixoloqların İB-nin sədri Orxan Oruc, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin könüllü tələbə və magistrları, “Ol” teatrı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, əməkdaşları Rafiq Quliyev, Səadət Təhmiraz qızı, Aynurə Xudanlı çıxış edərək bu kimi tədbirlərin təşkili üçün bütün iştirakçı və təşkilatçılara öz təşəkkürlərini bildirmişlər.
Bildirildi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu” kimi qanunlar qəbul edilmişdir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən azad olmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
A.Usubəliyev öz çıxışında bildirdi ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni və bərabərik. Ona görə də bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpkidə tədbirlər davam etdiriləcəkdir.
Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarın əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunmuş, milli musiqimizin bir-birindən dəyərli nümunələri dinləndirilmişdir.