Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4667

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başladı

İyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Mötəbər tədbir çərçivəsində iyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun açılış mərasimi keçirildi.

Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamladı. Bildirdi ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində “Gənc peşəkarların forumu”nun təhsil ocağında keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin zəngin mədəni irsi haqqında söz açan rektor Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər və Qobustan qoruğunun UNESCO-nun Dünya irsi siyahısına salınaraq bəşəri status qazandığını vurğuladı.

Gülçöhrə Məmmədova forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın memarlıq abidələri ilə yaxından tanış olmağı tövsiyə etdi və tədbirin işinə uğurlar arzuladı.

Mərasimdə çıxış edən UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev forum iştirakçılarını salamladı. Qeyd etdi ki, Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasının ilk tədbiri öz işinə başlayır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur: “Biz bu uğura ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində imza atmışıq. Bu tədbirin gerçəkləşməsində Dünya İrs Komitəsinin səylərini və nazirliyin əməkdaşlarının da fəaliyyətini qeyd etmək lazımdır”.

Nazir diqqətə çatdırdı ki, sessiya üzrə ilk tədbir gənc nəslin dünya mədəni irsinin qorunmasına cəlb olunmasına həsr edilib: “UNESCO ilə Azərbaycan hökuməti dünya üzrə 800 namizəd arasından 30 nəfər seçərək bir həftə müddətində onların bizim təcrübəmizlə tanış olmağına imkan yaradıb. Forum çərçivəsində gənclər qarşılıqlı fikir mübadiləsi aparacaq və Azərbaycanın tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olacaqlar. Forumun sonunda iştirakçılar öz hesabatlarını təqdim edəcəklər. Gənclərin gözü ilə Azərbaycanda gedən proseslər haqqında fikirlər səslənəcək və mən əminəm ki, ölkəmizdə tarixi abidələrin qorunması sahəsindəki işlər müsbət qiymətləndiriləcək”.

Nazir ölkəmizin Dünya İrs Komitəsinin əməkdaşları üçün maraqlı olacağını dedi: “Onlar paytaxtın və regionların tarixi abidələri ilə tanış olmaq imkanı qazanacaqlar. Qonaqlar həmçinin müasir unikal tikililərlə də qarşılaşacaqlar”.

Daha sonra Dünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin iştirakçılara videomüraciəti təqdim edildi.

Müraciətdən sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış etdi. O, Azərbaycan-UNESCO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğuladı.

Baş katib təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bir sıra mühüm nailiyyətlərin qazanıldığını və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırdı.

Elnur Sultanov onu da vurğuladı ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni abidələri talan edilib, yaxud mənimsənilib.

Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək forumun proqramı haqqında məlumat verdi. Bildirdi ki, iyulun 2-dək keçiriləcək forumun mövzusu “Dünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” adlanır. Tədbirin məqsədi XXI əsrdə dünyada mədəni irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Forumun ilk 4 gündəki tədbirləri Memarlıq və İnşaat Universiteti ilə yanaşı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan qoruğu və tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsində gerçəkləşəcək. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar keçiriləcək. İştirakçılar 1972-ci il “Dünya mədəni və təbii irsinin qorunması ilə bağlı Dünya İrs Konvensiyası”na dair praktiki biliklər əldə edəcəklər. Qonaqlar həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz bəyannamələrini təqdim edəcəklər.

Şöbə müdiri sonda foruma qatılan gənc iştirakçıları və qonaqları Təşkilat komitəsinin sədrinə təqdim etdi.

Açılış mərasiminin ardınca Mədəniyyət Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

Qeyd edək ki, “Dünya irsi. Gənc Peşəkarlar Forumu” üzrə günün ikinci yarısında Azərbaycan Respublikası Memarları Elm və Təhsil Komissiyasının üzvü Səbinə Hacıyevanın “Azərbaycan irsinin görünüşü: Şərq və Qərbin harmoniyası”, Raymond Lemaire Beynəlxalq Mərkəzinin prezidenti, professor Bayan Minja Yangın “Mədəni irsin qorunması və bərpası” mövzusunda məruzələri dinləniləcək. Təşkil olunacaq dəyirmi masada UNESCO-nun Şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner və başqalarının iştirakı ilə müxtəlif mövzularda müzakirələr aparılacaq.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib