Cümə axşamı,   25.05.2017  23:59

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
112

“Müasir İpək Yolu” turizm paketi layihəsinin ikinci sınaq turu başlayıb

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) “Müasir İpək Yolu” turizm paketi layihəsinin həyata keçirilməsinə başlayıb. Aprel ayında layihənin ilk sınaq turuna start verilmişdi.

Mayın 19-da Bakıda “Müasir İpək Yolu” layihəsi çərçivəsində təşkil olunan ikinci sınaq tur-aksiyası ilə əlaqədar mətbuat konfransı keçirildi. Tədbirdə layihə haqqında ətraflı məlumat verildi, eləcə də turun Azərbaycanla bağlı mərhələsindən bəhs edildi.

Mətbuat konfransına “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirən 4 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri, habelə Almaniya, Sinqapur və İrandan layihəni dəstəkləyən üzvlər qatılmışdı. Layihədə tərəfdaş qismində Azərbaycandan “Millenium Turizm”, “Atlas Travel” və “A la Carte Travel” şirkətləri iştirak edir.

“A La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov çıxış edərək layihənin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, media mənsubları, Türk Şurası təmsilçiləri və hər ölkədən turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun ilk sınaq turu aprelin 21-də başlayıb və ayın 27-də Bakıda sınaq turizm paketinin təqdimat mərasimi keçirilib. Mayın 12-dən Türkiyədən ikinci sınaq turu başlayıb və Azərbaycan mərhələsi mayın 19-da yekunlaşır.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov “Müasir İpək Yolu” turizm paketi layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə türkdilli ölkələr arasında mədəni, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcək: “Nazirlik bu layihəyə gündəmə gələn vaxtdan öz dəstəyini verib və bundan sonra da onu dəstəkləməyə davam edəcək. Azərbaycan bu turizm paketindən istifadə edən turistlər üçün maraqlı məkandır. Bu layihə ilə ölkəmizin turizm imkanlarını, zəngini mədəniyyətini tanıtmaq və əlavə turist cəlb etmək imkanlarımız genişlənəcək”.

Sektor müdiri onu da diqqətə çatdırdı ki, “Müasir İpək Yolu” turizm paketi layihəsi Azərbaycanın Gəncə, Naftalan, Şəki, Qəbələ və Bakı şəhərlərini əhatə edir. Mətbuat konfransında çıxış edən Türk Şurasının nümayəndəsi Ceyhun Şahverdiyev bildirdi ki, turizm sahəsində əməkdaşlıq razılaşması 2014-cü ildə 4 ölkə - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Bodrum zirvə görüşündə qərara alınıb: “Bu layihə üzərində üç ilə yaxın müddətdə iş aparılıb. Dörd ölkə üzrə turun müddəti 14 gündür. Layihə gəlir əldə etməkdən daha çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır”.

C.Şahverdiyev vurğuladı ki, layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır Azərbaycan, Qırğızıstana səfərlərdən sonra Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanacağı nəzərdə tutulur. Vurğuladı ki, marşrutun proqramı, saytının yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. Marşrut çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, adət-ənənələri və digər turizm potensialını əhatə edən turlar təklif olunacaq.

Mətbuat konfransında Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan nümayəndələrlə yanaşı, Almaniya, Sinqapur və İrandan olan iştirakçılar da layihənin əhəmiyyətini vurğuladılar. Layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, ümumtürk mədəni irsinin təbliğ edilməsi, eləcə də ölkələrarası turizm əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar yaradacaqdır.