AZ | EN | RU | FR | AR
28 sentyabr 2012-ci il tarixdə Nazirliyin Elektron xidmətlər saytı işə salınmışdır. Hazırda rəsmi sayta yeni məlumat və bölmələrin əlavə edilməsi işləri davam etdirilir.
  Bütün məlumatlar | A | B | C | Ç | D | E | Ə | F | G | Ğ | H | X | I | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z  

Dövlət qoruqları

Dövlət Təbiət Qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sulardan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

Göy-Göl dövlət təbiət qoruğu - 1925-ci ildə Azərbaycanda yaranan ilk qoruqlardan biridir. Qoruq statusu bir neçə dəfə ləğv edilmiş və 1965-ci ildə yenidən yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin subalp qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan qoruğun əsas hissəsi meşə örtüklü ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir. Heyvanlardan - nəcib Qafqaz maralı, qonurayı, cüyür, vaşaq, quşlardan toğlugötürən, qara quzğun, dağ kəkliyi, Xəzər iları və s. göstərmək olar. Su hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır, onlardan 20-si endemikdir.

Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasın Siyahısına daxil edilmişdir. Respublikanın "Qırmızı kitabı"na düşən quşların əksər növləri qoruqda və sərhəd ərazildərdə müşahidə olunur. Burada 248 növ quşlara rast gəlmək olar.
Qoruqda çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır


Zaqatala dövlət təbiət qoruğu - Qoruq Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın cənub yamaclarının subalp bitkilərinin, alp və nival qurşaqlarının təbiət komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron, fıstıq, dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s. məskunlaşmışdır.
Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.


Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5 hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş, 20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.


Pirqulu dövlət təbiət qoruğu
- Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq, gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar.
Qoruğun ərazisi 2003-ci ildə 2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.


Şirvan dövlət təbiət qoruğu -
1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar qalmışdır.


Qarayazı dövlət təbiət qoruğu
- Kür sahili tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq, palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir.
Dırnaqlı heyvanlardan çöl donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast gəlmək olar.
2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi 4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.


Bəsitçay dövlət təbiət qoruğu
- Nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m-ə qədər olan ağaclara da rast gəlmək olar.
Bəsitçay dövlət təbiət qoruğu işğal altındadır və qoruq rejimi məhv edilmişdir.


İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə 5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96 min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır. Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13 dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.

Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar, yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel balığı buraxılmışdır.
Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi məhv edilmişdir.


İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s. heyvanlar məskunlaşmışdır.
2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun ərazisi 17381,6 hektara çatdırılmışdır.


Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.
Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması məqsədilə 2003-cü ilin iyun ayında yaradılmışdır

Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 1686 hektarında yaradılmışdır.
Qoruğun yaradılmasında əsas məqsəd nadir və endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır. Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı kimi fəaliyyət göstərmişdir.

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Bu gün

Orxan Əliyev

anadan olmuşdur.
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur