Cümə,   26.05.2017  00:04

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1039

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz “Xan Şuşinski adına III Respublika muğam festivalı”nı keçirir

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz iş planına uyğun olaraq görkəmli muğam ifaçısı Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans və bədii təhsil müəssisələrinin şagirdləri arasında “Xan Şuşinski adına III Respublika muğam festivalı”nı keçirir. Festivalın əsas məqsədi ustad sənətkar Xan Şuşinskinin xatirəsinin əbədiləşdirilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də respublikada muğam təhsilinin inkişafı, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.

Festival  iştirakçılarının  dinlənilmələri  13-17  may  2016-cı il  tarixlərində   Bakı  şəhəri  V. Mustafazadə adına 2N-li Uşaq İncəsənət Məktəbində keçiriləcək.

Festival 1 turdan ibarət olub, 2 qrup üzrə (I qrup – uşaq musiqi, incəsənət məktəbləri şagirdləri - II-V siniflər,  II qrup –11 illik musiqi məktəblərinin yuxarı sinif şagirdləri - VIII-XI siniflər, musiqi kolleclərinin I-IV kurs tələbələri) üzrə keçirilir. Festivalda respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən, musiqi və hümanitar kolleclərdən 220-ə yaxın uşaq və gənc iştirak edir.

Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti,  xalq artisti Aygün Bayramovanın sədrliyi ilə Azərbaycan Milli Konservatoriyanın  müəllimi,  xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit  Nəbizadə, Azərbaycan Milli Konservatoriyanın  müəllimi, əməkdar artist Firuz Səxavət, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən festivalda uğurlu çıxışlara görə Qran Pri, I, II, III dərəcəli diplomlar, fəxri fərmanlar, tərifnamələr və müvafiq hədiyyələr təsis olunmuşdur.

Festivalın yekun konserti 27 may 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.