Cümə axşamı,   25.05.2017  23:58

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

           Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunub və 1995 il noyabrın 27-dən qüvvəyə minib.
        Azərbaycan Respublikasının Konstitusiyası preambula, 5 bölmə ( Ümumi müddəalar; Əsas hüquqlar, azadlıqlar və vəzifələr; Dövlət hakimiyyəti; Yerli özünüidarəetmə; Hüquq və qanun), 12 fəsil (Xalq hakimiyyəti; Dövlətin əsasları; Əsas insan və vətəndaş hüquqları və azadlıqları; Vətəndaşların əsas vəzifələri; Qanunvericilik hakimiyyəti; İcra hakimiyyəti; Məhkəmə hakimiyyəti; Naxçıvan Muxtar Respublikası; Bələdiyyələr; Qanunvericilik sistemi; Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər; Azərbaycan Respublıkasının Konstitusiyasına əlavələr), 158 maddə və keçid müddəalarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin Əsas Qanunudur. Konstitusiya ilə Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasları müəyyən edilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
          Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində nəzarətdə və belə nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki - növbəti yaz və payız sessiyalarına yığışır. Onun iclasları 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur. Növbədənkənar sessiyalar Milli Məclisin sədri, Prezident və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

        Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.
        Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu vermişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi quruluşu bütövlükdə Azərbaycan Respublikasının dövlət quruluşundan fərqlənir. Azərbaycan Respublikası prezidentli respublikadırsa, Naxçıvan MR-də dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilmiş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunmuşdur. Muxtar respublikanın sayca dördüncü olan Konstitusiyası 5 fəsil və 50 maddədən ibarətdir. MR-in Konstitusiyasında qeyd olunduğu kimi, onun ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. MR-in dövlət rəmzləri Azərbaycanın dövlət bayrağı, gerbi və dövlət himnidir.
         Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər isə 2009-cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası zamanı qəbul olunub, Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilib.
        2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi majoritar seçki sistemi müəyyən olunub. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tutulurdu.
        2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə (12, 15, 17, 18, 19, 25, 29, 32, 39, 48, 50, 67, 71, 72, 75, 84, 88, 92, 95, 96, 101, 108, 109, 125, 129, 130, 131, 146, 149-cu maddələrə) ümumilikdə 41 əlavə və dəyişiklik edilib.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün - 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Belə ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

       Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılmasının labüdləşdiyi bir məqamda - 1991-ci il avqustun 31-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə" qəbul edildi. 18 Oktyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi. Yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu.
         Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiya qəbul edilənədək 1978-ci il Kontitusiyasının "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə ziddiyyət təşkil etməyən maddələri qüvvədə olmuşdur. 9 oktyabr 1993-cü ildə "Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 1995-ci il noyabrın 27-dən qüvvədən düşmüşdür.
          Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasını zəruri edirdi. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən Prezidentin rəhbərliyi ilə komissiya yaradılmışdı. Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və 1995 il noyabrın 27-dən qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir.