Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
826

Türkiyədə İmadəddin Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, eləcə də Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri, habelə QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan və Azərbaycan Dövlət Film Fondunun sədr müavini Rəşad Qasımovun çıxışları olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunduğunu diqqətə çatdıran ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim vurğulayıb ki, bu çərçivədə Türkiyədə böyük şairinin həyat və yaradıcılığına həsr olunan çox sayda və fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissoru və ssenaristi Həsən Seyidbəyli yaradıcılığının dünya kinomatoqrafiyasına böyük töhfələr verdiyini qeyd edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən biri də məhz “Nəsimi” filmidir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərarı ilə ötən ilin türk dünyasında "İmadəddin Nəsimi ili" elan edilməsi sayəsində türkdilli ölkələrdə və dünyanın bir sıra dövlətlərində böyük şairin yaradıcılığına dair bir sıra mədəni layihələr həyata keçirildiyini diqqətə çatdıran Düsen Kaseinov söyləyib ki, bu işlər sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən 15 dildə tərtib olunan “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının öz layiqli yeri var. Nəşrdə yer alan şeirlər və nəfis tərtibat onu əldə edən kitabsevərlərin qəlbini oxşayır.

Nəsiminin Türkiyədə geniş tanındığını və sevildiyini deyən Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan qeyd edib ki, keçirilən tədbirlər sayəsində böyük şairin həyat və yaradıcılığı daha geniş auditoriyalara çatdırılıb. Türkiyə tərəfi hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan mədəniyyətinin, o cümlədən tarixi şəxsiyyətlərin tanınmasına və təbliğinə geniş yer verəcək.

Çıxışında Nəsimi şəxsiyyətinin ucalığı, eləcə də kinorejissor və ssenarist Həsən Seyidbəyli yaradıcılığının zənginliyinə diqqət çəkən Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov, ölkəmizdə kino yaradıcılığı, onun inkişaf istiqamətlərinə dair məlumatları da tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, “Nəsimi” filmi də daxil olmaqla Həsən Seyidbəylinin bütün əsərləri kinosevərlərin yaddaşında silinməz iz buraxır.

Çıxışlarda diqqətə çatdırılıb ki, dünya poeziya xəzinəsinin nadir incilərindən olan Nəsimi yaradıcılığı, böyük şairin zəngin fəlsəfi düşüncəsi tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraq kəsb edib, şeir və qəzəlləri poeziyasevərlərin qəlbini oxşayıb. Vurğulanıb ki, Həsən Seyidbəylinin “Nəsimi” filmi şairin şəxsiyyətininin ucalığını tərənnüm edən ən dəyərli əsərlərdəndir.

Çıxışlardan sonra görkəmli kinorejissor Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı olub. Ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə böyük sənətkarın efir yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar nümayiş edilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən Türkiyədən Nəsimi yaradıcılığının tədqiqatçısı, professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi rolunun ifaçısı, Azərbaycanın Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.

Tədbirdə iştirak edə bilməyən Hüseyn Ayanın medalı qızına və Rasim Balayevin medalı isə Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim olunub.

Gecədə türkiyəli aşıq Səlahəddin Dündar qoşasaz ifası ilə Nəsiminin qəzəllərini oxuyub.

Sonra “Nəsimi” filmi nümayiş olunub. Filmin türk dilinə suptitrlə (altyazı) tərcümə versiyası “TRT Avaz” kanalı tərəfindən ərsəyə gəlib.

Nəsimi ilinin bağlanışına həsr olunan gecə Ankara sənətsevərlərinə gözəl anlar yaşadıb.

İştirakçılara “İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olunub.

Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.

XƏBƏRLƏR

21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb