Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının 2018-2021-ci illər üçün yenidən üzvü seçilmişdir
Məlum olduğu kimi, BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutmuşdur. BMÜTT-nin İcraiyyə Şurasına Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçildi və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqləndi.
Qeyd etmək istərdik ki, ölkəmiz 2013-2017-ci illərdə Şuranın üzvü olmuşdur, 2017-ci ildə isə Şuraya sədrlik edir. Ölkəmizin son illərdə turizm sahəsində uğurları və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənmişdir. Bu mühüm uğur ölkə başçısı, cənab Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində dövlətimizin əldə etdiyi beynəlxalq ictimaiyyətin etimadının göstəricisidir.
Baş Assambleyanın 22-ci sessiyası zamanı Azərbaycan hökuməti adından çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin uğurları, həyata keçirilən layihələr və Azərbaycan-BMÜTT əməkdaşlığı barədə üzv ölkələrə geniş məlumat verdi. İcraiyyə Şurasının üzvü kimi gələcəkdə də həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təşkilatın prinsip və məqsədlərinə nail olmaq üçün ölkəmizin öz səylərini əsirgəməyəcəyini qeyd etdi.
Bu uğur münasibətilə xalqımızı və turizm ictimaiyyətini təbrik edirik.